
Sosial şəbəkələrdə "Tesla" şirkətinin tənha qadınlar üçün humanoid robot hazırladığı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Viral paylaşımlarda robotun tərəfdaş rolunu əvəz etməsi və artıq 5 min öncədən sifariş aldığı iddia olunsa da, bu barədə rəsmi təsdiq yoxdur.
Əslində "Tesla" Optimus adlı humanoid robot üzərində çalışır. Şirkətin açıqlamalarına görə, layihənin məqsədi istehsalat, logistika, təkrarlanan əməliyyatlar və məişətdə insanlara praktiki kömək göstərməkdir. Robotun romantik tərəfdaş kimi təqdim olunması və ya bu məqsədlə istehsal edilməsi barədə heç bir rəsmi məlumat yoxdur.
Mütəxəssislər hesab edir ki, gələcəkdə humanoid robotlardan köməkçi və ya kompanyon kimi istifadə oluna bilər. Lakin hazırda "Tesla"nın inkişaf etdirdiyi texnologiya əsasən avtomatlaşdırma, süni intellekt və fiziki əməyin yüngülləşdirilməsinə yönəlib. Buna görə də sosial şəbəkələrdə yayılan iddialar daha çox diqqət cəlb etmək məqsədi daşıyan dezinformasiya kimi qiymətləndirilib.

Toronto Universiteti, Arizona Dövlət Universiteti və Mount Sinai İkan Tibb Məktəbinin alimlərinin tədqiqatlarına əsaslanan məqalədə bildirilir ki, gün batımını izləmək təkcə estetik zövq deyil, həm də psixi və fiziki sağlamlıq üçün faydalı vərdiş hesab olunur. Alimlərin fikrincə, bu mənzərə insanda heyranlıq hissi yaradaraq stress, narahatlıq və mənfi düşüncələrin azalmasına kömək edir.
Araşdırmalar göstərir ki, gün batımı zamanı yaranan müsbət emosiyalar diqqəti gündəlik problemlərdən yayındırır, insanı indiki ana kökləyir və yaddaşın, diqqətin, hətta yaradıcılığın yaxşılaşmasına şərait yaradır. Mütəxəssislər qeyd edir ki, təbiət mənzərələri ilə müntəzəm təmas iltihab göstəricilərinin azalması, ürək-damar xəstəlikləri və depressiya riskinin aşağı düşməsi ilə də əlaqələndirilir.
Bundan başqa, axşam saatlarında günəş işığının zəifləməsi orqanizmin bioloji saatını tənzimləyir. Bu zaman kortizol hormonunun səviyyəsi azalır, melatonin ifrazı artır və bədən yuxuya hazırlaşır. Nəticədə yuxu keyfiyyəti yüksəlir, emosional gərginlik isə azalır.
Psixoloqlar hesab edir ki, gün batımını izləmək insanlarda empatiya və yardımsevərlik hissini də gücləndirir. Onların fikrincə, hər gün cəmi bir neçə dəqiqə təbiətin bu mənzərəsini seyr etmək həm ruh halını yaxşılaşdıran, həm də sağlam həyat tərzini dəstəkləyən sadə və ödənişsiz vərdişdir.

Mütəxəssislər kişilərin emosiyalarını açıq ifadə etməsinin həm psixi, həm də fiziki sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını bildiriB.
CNN-in mövzu ilə bağlı paylaşılan yazıda qeyd olunur ki, "güclü kişi ağlamaz" kimi stereotiplər bir çox kişinin hisslərini gizlətməsinə və psixoloji yardım almaqdan çəkinməsinə səbəb olur.
Psixoloqların sözlərinə görə, emosiyaların uzun müddət boğulması stress, narahatlıq, depressiya, aqressiya və sosial təcrid riskini artırır. Kişilər yaşadıqları çətinlikləri ifadə etmək əvəzinə,
bəzən işə həddindən artıq aludə olur, alkoqoldan istifadə edir və ya riskli davranışlara meyl göstərir.
Araşdırmalar göstərib ki, ailə üzvləri, dostlar və ya mütəxəssislərlə açıq ünsiyyət quran kişilər psixoloji gərginliyin öhdəsindən daha asan gəlir, münasibətlərini möhkəmləndirir və
ümumi həyat keyfiyyətini artırır. Ekspertlər cəmiyyətdə kişilərin kömək istəməsini zəiflik deyil, məsuliyyətli və sağlam davranış kimi qəbul etməyin vacibliyini vurğulayıb.
Onların fikrincə, emosiyaların ifadə olunması psixi sağlamlığın qorunmasının əsas şərtlərindən biridir.

Alkoqol qəbulunda baş verən dəyişikliklərin təhlili gələcəkdə demensiya riskini daha dəqiq qiymətləndirməyə imkan verir. Alimlərin apardığı yeni araşdırmada 500 mindən çox insanın məlumatları, həmçinin 2,4 milyondan artıq şəxsin genetik göstəriciləri təhlil olunub. «Nature Mental Health» jurnalında dərc edilən nəticələr göstərib ki, sonradan demensiya diaqnozu alan şəxslər alkoqol qəbulunu tədricən azaltmağa meylli olurlar. Tədqiqatçıların fikrincə, bu dəyişiklik beynin erkən mərhələdə baş verən funksional pozuntuları ilə əlaqəli ola bilər və demensiyanın ilkin xəbərdaredici əlamətlərindən biri hesab edilir.
Mütəxəssislər bildiriblər ki, alkoqolun daha az qəbul edilməsi demensiya diaqnozu anlamına gəlmir və bu göstərici təkbaşına xəstəliyi təsdiqləmir. Bununla belə, insanın davranışında, xüsusilə də alkoqol istehlakı vərdişlərində səbəbsiz dəyişikliklərin digər klinik əlamətlərlə birlikdə qiymətləndirilməsi erkən diaqnoz imkanlarını artıra bilər.
Mənbə: Nature Mental Health, 2026.

Həkimlər 14 yaşlı qız üzərində nadir cərrahi əməliyyat həyata keçirib. Üz nahiyəsində güclü ağrılar, burun tutulması, baş ağrıları və göz ətrafında narahatlıq şikayətləri ilə xəstəxanaya müraciət edən yeniyetmənin müayinəsi zamanı qeyri-adi səbəb üzə çıxıb.
Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə zamanı məlum olub ki, ağıl dişin inkişafının başlanğıc mərhələsi diş sırasından kənarda, haymor boşluğu nahiyəsində formalaşıb və sinusun normal fəaliyyətini tamamilə bloklayıb. Nəticədə seliyin təbii axını pozulub, bu da xroniki iltihabın yaranmasına səbəb olub.
Həkimlər müasir funksional endoskopik sinus cərrahiyyəsi (FESS) üsulundan istifadə edərək dişi follikulu ilə birlikdə çıxarıb. Əməliyyat zamanı nə xarici kəsiklərə, nə də üst çənənin deşilməsinə ehtiyac qalmayıb. Müdaxilədən cəmi iki gün sonra qızın ağrıları aradan qalxıb, bir həftə sonra isə o, evə buraxılıb.

24 yaşlı Azərbaycan vətəndaşının beynəlxalq orqan mafiyasının qurbanına çevrilməsi insan orqanlarının qanunsuz alveri ilə məşğul olan böyük bir şəbəkəni ortaya çıxarıb.
Məlum olub ki, 50 Azərbaycan vətəndaşı gizli şəkildə Şərqi Afrikaya aparılıb, Keniyada yerləşən özəl klinikada müxtəlif orqanları çıxarılaraq əsasən İsrail vətəndaşlarına köçürülüb. Musavat.com xəbər verir ki, hazırda qanunsuz orqan transplantasiyasına görə Almaniyada məhkəmə prosesi keçirilir. İttihama görə, 24 yaşlı Azərbaycan vətəndaşının böyrəyi Keniyada fəaliyyət göstərən özəl klinikada 59 yaşlı Almaniya sakininə köçürülüb. İndi həmin qadın Sabine Fişer-Kuqler orqan alverinə təhrik ittihamı ilə mühakimə olunur və onu 5 ilə qədər həbs cəzası gözləyir.
Hadisə necə üzə çıxıb?
Məsələ ilk dəfə Almaniyanın aparıcı media qurumları – “ZDF”, “Der Şpigel” və “Deutsche Welle” tərəfindən aparılan geniş jurnalist araşdırmasından sonra beynəlxalq rezonans doğurub. Araşdırmada Keniyanın Eldoret şəhərində yerləşən “MediHeal” klinikasının ətrafında fəaliyyət göstərdiyi iddia olunan beynəlxalq orqan alveri şəbəkəsinin fəaliyyəti təsvir olunurdu. Uzun illər böyrək çatışmazlığından əziyyət çəkən Sabine Fişer-Kuqler jurnalistlərə etiraf edib ki, böyrək əldə etmək üçün vasitəçilərə 100 min-200 min dollar, bəzi mənbələrə görə isə 200 min avro həcmində vəsait ödəyib. Almaniya qanunvericiliyinə görə insan orqanının alınması və ya satılması ilə bağlı maliyyə əməliyyatları cinayət hesab olunur. Məhkəmə prosesinin 2026-cı il iyunun 23-də Bavariyanın Vaysenburq şəhərində başlanıb. Qadın məhkəmədə peşman olduğunu və həyatda qalmaq üçün çıxış yolu axtardığını söyləyib.
Azərbaycanlı donor kim olub?
Araşdırmalarda adı açıqlanmayan donorun 24 yaşlı Azərbaycan vətəndaşı olduğu göstərilir. Sabine Fişer-Kuqler bildirib ki, əməliyyatdan əvvəl və sonra həmin gənclə cəmi bir neçə dəqiqə görüşüb. Vasitəçilər ona donorla yaxın təmas qurmamağı tövsiyə ediblər. Ən diqqətçəkən məqamlardan biri isə budur ki, rəsmi sənədlərdə donorun heç bir ödəniş almadan könüllü şəkildə orqan bağışladığı göstərilib. Halbuki əməliyyatda iştirak edənlərin əksəriyyətinin onun pul aldığını deyiblər. Məbləğ açıqlanmasa da, donora adətən qəpik-quruş çatdığı ümumi məlum faktdır.
Keniyada fəaliyyət göstərən şəbəkə
Araşdırmaların mərkəzində “MedLead” adlı vasitəçi şirkət dayanır. Şirkət xarici ölkələrdə qısa müddətdə böyrək transplantasiyası təşkil etdiyini və bunun tam qanuni olduğunu iddia edir. Lakin jurnalist araşdırmaları tam fərqli mənzərə ortaya çıxarıb. İddialara görə, Avropa, İsrail və ABŞ-dan olan varlı xəstələrə əsasən Azərbaycan, Pakistan, Qazaxıstan və digər ölkələrdən gətirilən donorların orqanları təklif olunub. Donorlar isə çox vaxt maddi sıxıntı içində olan gənclərdən seçilib. “MediHeal” klinikası ilə bağlı Keniyada aparılan araşdırmalar zamanı yüzlərlə transplantasiya əməliyyatının sənədləri incələnib. Məlum olub ki, 2018-2025-ci illərdə yüzlərlə böyrək transplantasiyası həyata keçirilib və xarici vətəndaşlar əməliyyat olunanlar arasında mühüm yer tutublar.
Azərbaycanlılar niyə hədəfə çevrilib?
Keniyada fəaliyyət göstərən istehlakçı təşkilatlarının və araşdırma qruplarının hesabatlarında diqqətçəkən bir fakt yer alıb. Həmin məlumatlara görə, xarici donorlar arasında Azərbaycan vətəndaşları xüsusi üstünlük təşkil edib. Hesabatda 50 Azərbaycan vətəndaşının donor qismində iştirak etdiyi qeyd olunur. Hətta 25 israilli pasiyentə məhz azərbaycanlı donorların böyrəklərinin köçürüldüyü göstərilir.
Bu fakt Azərbaycan vətəndaşlarının beynəlxalq orqan alveri şəbəkələrinin hədəfinə çevrilməsi ehtimalını gündəmə gətirir.
Şəbəkənin arxasında kimlər dayanır?
Araşdırmalarda İsrail vətəndaşı Robert Şpolanskinin adı əsas fiqurlardan biri kimi hallanır. Tel-Əviv məhkəməsinin 2016-cı il ittiham aktında onun Şri-Lanka, Türkiyə, Filippin və Tailandda qanunsuz böyrək transplantasiyalarının təşkilində iştirak etdiyi qeyd olunub. Materiallarda həmçinin Boris Volfman adlı şəxsin beynəlxalq şəbəkənin rəhbərlərindən biri olduğu bildirilir. Şpolanski isə bu ittihamları rədd edir.
“MediHeal” qrupuna isə Hindistan əsilli keçmiş keniyalı deputat Şarup Mişra rəhbərlik edir. Onun fəaliyyəti ilə bağlı Keniyada həm ittihamlar, həm də əks arqumentlər səsləndirilib. Bir sıra araşdırma komissiyaları klinika rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tövsiyə etsə də, klinika bütün ittihamları rədd edir və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirir.
Dünyanın yeni “qara bazarı”
Avropa Şurası və beynəlxalq hüquq müdafiə təşkilatları insan orqanlarının qanunsuz dövriyyəsini müasir dövrün ən təhlükəli transmilli cinayətlərindən biri hesab edir. Bu cinayət növü əsasən kasıb donorlarla varlı xəstələr arasındakı sosial bərabərsizlikdən qidalanır. Sabine Fişer-Kuqlerin işi isə bu qlobal problemin yalnız görünən hissəsidir. Məhkəmə prosesində veriləcək qərar Almaniyada ilk nümunələrdən biri sayıla bilər. Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən olan gənclərin orqanları hesabına milyardlarla dollar qazanan beynəlxalq şəbəkələrin tam şəkildə ifşası və məsuliyyətə cəlb olunması mümkün olacaqmı?
Bu sualın cavabı təkcə Almaniya məhkəmələrinin deyil, həm də beynəlxalq hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılı olacaq. Azərbaycanda isə bu hadisə xaricdə vətəndaşlarımızın qanunsuz orqan alveri şəbəkələrinin qurbanına çevrilməsi riskinin nə qədər ciddi olduğunu bir daha göstərir.
Azərbaycanlılar orqan mafiyasının hədəfində
Azərbaycan uzun illərdir ki, orqan mafiyasının hədəfindədir. Zaman-zaman Ukrayna, Belarus və digər dövlətlərdə əsasən İsrail vətəndaşları tərəfindən idarə edilən beynəlxalq orqan mafiyalarının ifşası ilə bağlı məlumatlar yayılır. Məsələn, 2010-cu ildə Musavat.com-da yer alan “Azərbaycanda işləyən orqan mafiyasi belarusu da hərəkətə keçirdi”
(https://musavat.com/news/gundem/AZERBAYCANDA-ISLEYEN-ORQAN-MAFIYASI-BELARUSU-DA-HEREKETE-KE%C3%87IRDI_82382.html) sərlöhvəli məqalədə Ukraynada orqan mafiyasının ifşasından söhbət açılır.
Həmin yazıdan sitat: “Məlum olub ki, bu mafiya internet vasitəsilə Ukrayna, Belarus, Moldova və Özbəkistandan olan aztəminatlı insanları böyrəklərini satmağa sövq edib. Donorlar üzərində cərrahiyyə əməliyyatlarının çoxu Bakıdakı özəl klinikalarda ukraynalı həkimlər tərəfindən aparılıb. Bu işdə Kiyevdəki Şalimov adına Cərrahiyyə və Transplantasiya İnstitutunun yüksək ixtisaslı həkimlərinin iştirak etdiyi bildirilir. Cərrahiyyə əməliyyatlarının bir neçəsi həmin institutda aparılıb və belə faktlardan birinin üstünün açılması nəticəsində mafiya ifşa olunub. Belarus DİN-in idarə rəisinin müavini deyib ki, insan orqanları ilə alver edən mafiyanın qurbanı olan ölkə vətəndaşları əsasən 23-25 yaşında olan gənclərdir. Onların hamısının maddi problemləri olub. Müəyyən hallarda isə donorlara psixoloji təzyiq göstərilib və onların böyrəklərini könüllü şəkildə satdığı barədə imic formalaşdırılıb. Podqruşi deyib ki, mütəşəkkil cinayətkar dəstəyə başçılıq edənlərdən biri Belarus əsilli yəhudidir. O, 90-cı illərin əvvəllərində İsrailə köçüb və hazırda bu ölkənin vətəndaşıdır. S.Podqruşi mafiyanın qurbanı olan Belarus vətəndaşlarının sayının daha artıq ola biləcəyini istisna etməyib. O, deyib ki, dəstənin fəaliyyəti ilə bağlı araşdırmalar Ukrayna hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində aparılır. Qeyd edək ki, bu, Azərbaycanla əlaqəsi olan ikinci beynəlxalq orqan mafiyasıdır. Bir neçə ay əvvəl İsrail polisi donorların böyrəklərini Bakıdakı klinikalarda çıxardıb satan mafiya üzvlərini həbs etmişdi və dəstəyə istefada olan general başçılıq edirdi. İstisna deyil ki, Ukraynada ifşa edilən dəstə də bu mafiya ilə əlaqəli işləyib”.

Fransada uzun müddətdən sonra ilk dəfə Ebola virusuna yoluxma halı təsdiqlənib. Məlumata görə, xəstəlik Demokratik Konqo Respublikasında humanitar missiyada çalışan və daha sonra ölkəsinə qayıdan həkimdə aşkarlanıb. Fransa Səhiyyə Nazirliyi diaqnozu təsdiqlədikdən sonra pasiyentin dərhal xüsusi izolyasiya şöbəsinə yerləşdirildiyini bildirib.
Hazırda səhiyyə orqanları yoluxmuş şəxslə təmasda olan insanların müəyyənləşdirilməsi üçün epidemioloji araşdırma aparır. Risk qrupuna daxil olan şəxslərin 21 gün müddətində tibbi nəzarət altında qalacağı bildirilib. Pasiyentin vəziyyətinin stabil olduğu qeyd olunur.
Mütəxəssislər vurğulayıb ki, yoluxma Fransada baş verməyib, virusun mənbəyi hazırda Ebola epidemiyasının davam etdiyi Demokratik Konqo Respublikası hesab olunur.
Qeyd edək ki, Ebola yüksək ölüm riski ilə xarakterizə olunan virus infeksiyasıdır və əsasən yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə təmas nəticəsində yayılır.

“Science” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, uzaqdan işləyən əməkdaşlar ənənəvi iş yerlərində çalışanlarla müqayisədə psixoloq və digər psixi sağlamlıq mütəxəssislərinə daha çox müraciət edir. Tədqiqatın nəticələrinə görə, evdən işləmək insanların daha çox tənhalıq hissi aşılayır, narahatlıq və depressiya əlamətlərinin artmasına səbəb olur.
Araşdırma 2011–2024-cü illər ərzində ABŞ-da 588 mindən çox işçinin məlumatları əsasında aparılıb. Alimlər müəyyən edib ki, pandemiyadan sonra uzaqdan işləməyə keçən şəxslər gün ərzində daha çox vaxt tək olur, onların psixoloji vəziyyəti pisləşir və psixi sağlamlıq xidmətlərindən istifadə halları artır.
Tədqiqat müəllifləri bildirib ki, işçilərin əksəriyyəti uzaqdan işləməyə üstünlük versə də, bu model sosial əlaqələrin azalmasına gətirib çıxarır. Mütəxəssislər hesab edir ki, insanlarla gündəlik ünsiyyət psixi sağlamlığın qorunması üçün vacibdir.
Ekspertlər uzaqdan işləyən şəxslərə sosial aktivliklərini artırmağı, dostlar və həmkarlarla daha çox ünsiyyət qurmağı tövsiyə edir.

Barmaqları “şıkkıldatmaq” sağlamlığa zərərli olduğu və artritə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Lakin elmi araşdırmalar bu iddianı təsdiqləmir.
Mütəxəssislərin sözlərinə görə, eşidilən səs sümüklərin bir-birinə dəyməsindən yaranmır. Oynaqları əhatə edən sinovial mayedə həll olmuş karbon qazı, azot və oksigen kimi qazlar mövcuddur. Oynaq dartıldıqda təzyiq azalır, qaz qabarcıqları əmələ gəlir və onların sürətlə yaranması və ya çökməsi xarakterik “çıt” səsinə səbəb olur.
Bu mövzuda ən məşhur təcrübələrdən birini amerikalı alim Donald Unger aparıb. O, təxminən 60 il ərzində yalnız sol əlinin barmaqlarını mütəmadi olaraq şıkkıldadıb, sağ əlini isə toxunulmaz saxlayıb. Sonradan hər iki əli müqayisə edən alim artrit və ya digər ciddi fərqlərin olmadığını müəyyən edib. Bu qeyri-adi araşdırmaya görə o, Şnobel mükafatına layiq görülüb.

Robotik xərçəng cərrahiyyəsi sahəsində fəaliyyəti ilə tanınan türkiyəli professor Oktar Asoğlu İngiltərədə keçiriləcək 10-cu Portsmouth Kolorektal Konqresində canlı əməliyyat həyata keçirəcək. O, bu nüfuzlu tədbirdə Türkiyə adından belə bir missiyanı yerinə yetirən ilk cərrah olacaq. Tədbir həm konqres zalında, həm də onlayn platformalar vasitəsilə minlərlə həkim tərəfindən izlənəcək.
Prof. Asoğlunun sözlərinə görə, canlı əməliyyat rektum xərçəngi cərrahiyyəsinin əsas texnikasını formalaşdıran 90 yaşlı məşhur cərrah Bill Şildsin moderatorluğu ilə baş tutacaq. Təxminən 2,5 saat davam edəcək əməliyyat zamanı sahənin aparıcı alimləri prosesi izləyərək müzakirələr aparacaq.
Professor bildirib ki, o, daha əvvəl Rusiya, Avropa və Asiyada keçirilən elmi konqreslərdə də canlı əməliyyatlar həyata keçirib. Lakin İngiltərədəki bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, o, xarici ölkədə keçirilən beynəlxalq konqres zamanı xarici pasiyenti əməliyyat edən ilk türk cərrah kimi tarixə düşəcək.

ABŞ-ın Miçiqan Dövlət Universitetinin alimləri maraqlı bir nəticəyə gəliblər. Araşdırma göstərib ki, gənclik dövründə müəyyən edilən peşə maraqları yalnız gələcək peşə seçimini deyil, insanın sonrakı həyatında verəcəyi mühüm qərarları da proqnozlaşdıra bilir.
“Journal of Personality and Social Psychology” jurnalında dərc olunan tədqiqat çərçivəsində 8 mindən çox insan 11 il ərzində izlənilib. İştirakçılar 2011-2012-ci illərdə peşə maraqlarını müəyyən edən testlərdən keçiblər. On ildən çox vaxt keçdikdən sonra alimlər onların iş həyatı, ailə münasibətləri və ictimai fəaliyyətlərini təhlil ediblər.
Məlum olub ki, liderlik, biznes və insanlara təsir göstərmək istəyi ilə xarakterizə olunan maraqlar daha yüksək vəzifələrə yüksəlmə, ictimai fəaliyyətlərdə iştirak və müxtəlif sosial uğurlarla əlaqəlidir. Sosial yönümlü maraqlar ailə və münasibətlər sahəsində, bədii maraqlar isə mədəni tədbirlərdə iştirakla bağlı olub.
Tədqiqat müəllifləri bildirirlər ki, peşə maraqları insanın şəxsiyyət xüsusiyyətləri qədər, bəzi hallarda isə onlardan daha güclü proqnozlaşdırıcı amil ola bilər. Onların fikrincə, bu testlərdən yalnız yeniyetmələr deyil, hər yaşda insanlar həyat və karyera qərarları verərkən faydalana bilərlər.
Mənbə: Michigan State University, Journal of Personality and Social Psychology, 2026

Avropa Ətraf Mühit Agentliyinin (EEA) 2025-ci il üzrə su hövzələrinin keyfiyyətinə dair hesabatı açıqlanıb. Hesabata əsasən, Avropada nəzarətdə saxlanılan çimərliklərin, göllərin və çayların 96 faizi minimum keyfiyyət standartlarına cavab verir. Yalnız 1,5 faiz su hövzəsi “pis” kateqoriyasında qiymətləndirilib.
Araşdırmaya görə, Avropada ən təmiz çimərlik və sahil sularına malik ölkə Kipr olub. Burada nəzarət edilən bütün çimmə zonaları “əla” keyfiyyət göstəricisi əldə edib. Sonrakı yerlərdə Yunanıstan (97,1 faiz), Bolqarıstan (96,9 faiz) və Avstriya (96,5 faiz) qərarlaşıb.
Göl və çay sularının keyfiyyətinə görə isə Avstriya və Finlandiya liderdir. Hər iki ölkədə daxili su hövzələrinin təxminən 95 faizi “əla” səviyyədə qiymətləndirilib.
Ən zəif nəticə isə Albaniyada qeydə alınıb. Bu ölkədə su hövzələrinin cəmi 16,8 faizi “əla” keyfiyyət göstəricisinə malikdir. Estoniya, Polşa, Macarıstan və Belçika da aşağı nəticə göstərən ölkələr sırasında yer alıb.
Hesabatda həmçinin bildirilib ki, daxili su hövzələri üzrə ən problemli vəziyyət İspaniyada müşahidə olunur. Ölkənin çay və göllərinin 11 faizdən çoxu “pis” keyfiyyətli hesab edilir.
Qeyd edək ki, Azərbaycanda ən təmiz çimərliklər: Bilgəh, Pirşağı, Şüvəlan və Mərdəkandır.
Mənbə: Euronews, Avropa Ətraf Mühit Agentliyi (EEA), 2025

Türkiyəli həkim və nevrologiya üzrə mütəxəssis Oytun Erbaş qısa boylu insanların ömür uzunluğu ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən müzakirələrə səbəb olub.
Erbaşın sözlərinə görə, boy artımında iştirak edən bəzi hormonlar və böyümə faktorları yaşlanma prosesinə də təsir göstərir. O hesab edir ki, bu mexanizmlər qısa boylu insanların bəzi sağlamlıq üstünlüklərinə malik olmasını izah edir.
“Verywell Health” nəşrində dərc olunan məqalədə qeyd olunub ki, bəzi elmi tədqiqatlar qısa boylu insanların uzunboylulara nisbətən orta hesabla 2-5 il daha çox yaşaya biləcəyini göstərib. Araşdırmalara görə, bunun səbəbləri arasında daha az hüceyrəyə sahib olmaq, sərbəst radikalların təsirinə daha az məruz qalmaq və uzunömürlülüklə əlaqələndirilən genin qoruyucu təsiri yer alır.
Məqalədə istinad olunan tədqiqatlardan birində boyu 157 santimetrdən aşağı olan yapon əsilli amerikalı kişilərin daha uzun ömür sürdüyü müəyyən edilib. Digər araşdırmada isə İtaliyada boyu 160 santimetrdən aşağı olan kişilərin daha hündür həmyaşıdlarından təxminən iki il çox yaşadığı bildirilib.

Sinqapurun Nanyang Technological University alimləri ölçüsü cəmi 4,4 millimetr olan yeni tibbi robot hazırlayıblar. Mütəxəssislərin bildirdiyinə görə, miniatür qurğu insan orqanizmində hərəkət edərək bir neçə vacib tibbi funksiyanı yerinə yetirə bilir.
Robot yumşaq toxumalar daxilində hərəkət etmək, kiçik kəsiklər aparmaq, dərmanları birbaşa hədəf bölgəyə çatdırmaq, laborator analiz üçün nümunələr götürmək və lokal istilik yaradaraq müalicə aparmaq imkanına malikdir.
Tədqiqatçılar qeyd edirlər ki, qurğu xaricdən tətbiq olunan maqnit sahələri vasitəsilə idarə olunur və onun işləməsi üçün naqil, batareya və ya daxili elektronika tələb edilmir. Robotun müxtəlif iş rejimləri arasında keçidi bir saniyədən də az vaxt aparır. Bunun əsas səbəbi robotun ayrı-ayrı hissələrinin maqnit təsirlərinə müstəqil reaksiya verə bilməsidir.
Sınaqlar jelatin modelləri və toyuq qaraciyəri nümunələri üzərində aparılıb. Təcrübələr zamanı robot bütün nəzərdə tutulan funksiyaları uğurla yerinə yetirib. Bundan əlavə, istifadə olunan materialların yüksək biouyğunluğu da təsdiqlənib. Araşdırma nəticələrinə görə, robotla təmasdan sonra dəri hüceyrələrinin 99 faizdən çoxu canlılığını qoruyub saxlayıb.
Mütəxəssislər hesab edirlər ki, texnologiya hələ ilkin inkişaf mərhələsində olsa da, gələcəkdə azinvaziv əməliyyatların, diaqnostikanın və hədəflənmiş müalicə üsullarının daha təhlükəsiz və effektiv həyata keçirilməsinə kömək edə bilər.
Mənbə: Involta.media, 2026.

TikTok istifadəçilərindən biri uzun illər əziyyət çəkdiyi psoriaz xəstəliyindən ABŞ-da aldığı müalicə sayəsində xilas olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyada ona əsasən hormonal məlhəmlər və hormonal inyeksiyalar təyin olunub. Lakin bu müalicələr qısa müddətli effekt versə də, sonradan vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.
İstifadəçi ABŞ-a köçdükdən sonra dermatoloqa müraciət etdiyini və həkimin ona müasir bioloji preparat təyin etdiyini deyib. O, bildirib ki, bir ay fasilə ilə vurulan iki inyeksiyadan sonra dərisindəki səpgilər və qabıqlanmalar tamamilə yox olub. Hazırda isə həmin preparatı iki aydan bir qəbul etdiyini və normal həyatına qayıtdığını qeyd edib.
Qeyd edək ki, psoriaz xroniki, iltihabi və autoimmun mənşəli dəri xəstəliyidir. Xəstəlik zamanı immun sistemi dəri hüceyrələrinin normadan dəfələrlə sürətli çoxalmasına səbəb olur. Nəticədə dəridə qızarmış, qalınlaşmış, gümüşü rəngli qabıqlarla örtülmüş lövhələr əmələ gəlir. Xəstəlik yoluxucu deyil və insandan-insana keçmir.
TikTok istifadəçisi preparatın adını açıqlamayıb. Lakin müalicə metoduna əsasən demək olar ki, IL-23 inhibitorları qrupuna aid bioloji preparatların istifadəsi ehtimalı çoxdur. Bu preparat ilk inyeksiyanı 0-cı həftədə, ikinci inyeksiyanı isə 4 həftə sonra tələb edir, daha sonra hər 12 həftədən bir vurulur.
Bu preparatlar yalnız Amerikada istifadə edilmir. Onlar ABŞ, Avropa ölkələri və bir sıra digər dövlətlərdə də təsdiqlənib. Lakin yüksək qiymətləri və məhdud əlçatanlıqları səbəbindən bəzi ölkələrdə xəstələr bu müalicəyə daha gec çıxış əldə edir.
Vacib məqam: bu preparatlar psoriazı tam "sağaltmır". Onlar xəstəliyi nəzarət altına alır və bir çox xəstədə dərini tam və ya demək olar tam təmizləyə bilir.

Uzun illərdir qadınlar arasında geniş yayılmış fikirlərdən biri yaxın münasibətdə olan və ya birlikdə yaşayan qadınların aybaşı dövrlərinin zamanla sinxronlaşmasıdır. Lakin müasir elmi araşdırmalar bu nəzəriyyənin etibarlı sübutlara əsaslanmadığını göstərir.
Bu mövzu Velsli Kollecinin tələbəsi Marta MakKlintokun Nature jurnalında dərc olunan araşdırmasından sonra geniş diqqət çəkib. Tədqiqat zamanı yataqxanada birlikdə yaşayan 135 tələbənin menstrual dövrləri izlənilib və yaxın rəfiqələr arasında aybaşı tarixlərinin bir-birinə yaxınlaşdığı irəli sürülüb.
Araşdırma uzun müddət elmi və populyar mətbuatda geniş müzakirə olunsa da, sonrakı illərdə bir çox alimlər nəticələrin metodoloji qüsurlar daşıdığını bildiriblər. ABŞ-ın Missuri Universitetinin antropologiya professoru Klayd Uilson və digər tədqiqatçılar qeyd ediblər ki, sonrakı araşdırmaların əksəriyyəti MakKlintokun nəticələrini təsdiqləyə bilməyib.
1999-cu ildə Human Reproduction jurnalında dərc olunan məqalədə antropoloq Beverli Strassmann aybaşı dövrlərinin üst-üstə düşməsinin statistik baxımdan normal hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, orta hesabla 28 günlük menstrual dövrə malik qadınlarda menstruasiya tarixlərinin müəyyən hallarda eyni vaxta təsadüf etməsi gözlənilən ehtimaldır və bu, mütləq sinxronlaşma demək deyil.
Mənbə: Nature, Human Reproduction, Mail Health Desk.

ABŞ-da aparılan yeni araşdırma smartfonların yayılmasının doğum səviyyəsinin azalmasına təsir göstərəcəyini ortaya qoyub. Tədqiqatın nəticələrinə görə, 2007-ci ildə ilk iPhone-un təqdim edilməsindən sonra müşahidə olunan doğum göstəricilərindəki azalmanın 33-52 faizi smartfonların geniş yayılması ilə əlaqəli olub.
Araşdırma müəllifləri bildirib ki, smartfonlar insanların gündəlik davranışlarını dəyişdirərək üzbəüz ünsiyyəti azaldır. Nəticədə gənclər arasında sosial əlaqələrin zəifləməsi, cinsi aktivliyin azalması və onlayn məzmuna daha çox vaxt ayrılması doğum göstəricilərinə təsir edən amillərdən biri kimi qiymətləndirilir.
Tədqiqat zamanı ABŞ-da 2007-2011-ci illər arasında iPhone-a çıxış imkanları ilə doğum göstəriciləri müqayisə edilib. Məlum olub ki, smartfonların daha sürətlə yayıldığı bölgələrdə xüsusilə 15-24 yaşlı qadınlar arasında doğum səviyyəsi kəskin azalıb.
Bununla belə, alimlər vurğulayıb ki, smartfonlar doğum səviyyəsinin azalmasının yeganə səbəbi deyil. Mənzil və uşaq baxımı xərclərinin artması, iqtisadi qeyri-müəyyənlik, nikah yaşının yüksəlməsi və karyera prioritetləri də mühüm rol oynayır.

“QAZir ERTEN” podkastında Qazaxıstanın Milli Elmi Tibb Mərkəzinin (NNTM) terapiya şöbəsinin müdiri, beynəlxalq ixtisaslı həkim Aynur Dosjan, isti çay içmə ənənəsinin sağlamlıq üçün yarada biləcəyi risklərdən danışıb.
Mütəxəssisin sözlərinə görə, temperaturu 60-65 dərəcədən yüksək olan içkilərin müntəzəm qəbulu qida borusunun selikli qişasında davamlı zədələnmələrə səbəb olur. Bu cür termiki təsirin isə qida borusu xərçənginin inkişaf riskini artırdığı elmi araşdırmalarda göstərilib.
Həkim qeyd edib ki, bir çox türk və Asiya xalqlarında olduğu kimi, Qazaxıstanda da qonaqlara çox isti çay təqdim etmək hörmət əlaməti sayılır. Lakin sağlamlıq baxımından çayın bir qədər soyuduqdan sonra içilməsi daha təhlükəsiz hesab olunur.
Aynur Dosjan vurğulayıb ki, təhlükə çayın özündə deyil, onun yüksək temperaturunda gizlənir. Buna görə də mütəxəssislər isti içkilərin qaynar halda deyil, qəbul üçün təhlükəsiz temperatura qədər soyuduqdan sonra içilməsini tövsiyə edib.

“Phytotherapy Research” jurnalında dərc olunmuş genişmiqyaslı araşdırmada alimlər aloe veranın sağlamlığa təsirləri ilə bağlı aparılmış sistematik icmal və meta-analizlərin nəticələrini ümumiləşdiriblər. Tədqiqat çərçivəsində aloe veranın 71 müxtəlif sağlamlıq göstəricisinə təsiri qiymətləndirilib.
Araşdırma nəticələrinə görə, qiymətləndirilən göstəricilərin 67 faizində aloe veranın müsbət təsiri müşahidə edilib.
Mütəxəssislər qeyd edirlər ki, aloe veranın dəri problemləri, ağız boşluğu xəstəlikləri və bəzi iltihabi proseslərə müsbət təsiri ilə bağlı müəyyən elmi sübutlar mövcuddur. Arıqlama və immunitetin gücləndirilməsi kimi təsirləri ilə bağlı tədqiqatlar isə hazırda davam edir.
Aloe veranın çəki idarəolunmasında rolu barədə sualı türkiyəli fitoterapiya üzrə təlimçi, 24 ildən çoxdur ki, sağlam yaşam mütəxəssisi olan Gülpəri Daşdəmir STV Xəbərə müsahibəsində cavablandırıb.
"10 KQ ARIQLADIM" - VİDEO

ƏLAQƏ ÜÇÜN: +994 50 274 49 15
Gülpəri Daşdəmir qeyd edib ki, aloe tərkibli məhsulların istifadəsi sağlam qidalanma, düzgün həyat tərzi və müntəzəm fiziki aktivliklə müşayiət olunduqda daha effektiv nəticələr əldə etmək mümkündür.
Sağlam yaşam mütəxəsisinin nəzarəti altında hazırlanan proqramdan yararlanan fizika üzrə fəlsəfə doktoru, dosent Gülgün Əhmədova aloe vera ekstraktı tərkibli məhsulların qəbulunu həyat tərzi dəyişiklikləri ilə birgə tətbiq etdikdən sonra 10 kiloqram çəki itirdiyini bildirib.

Xatırladaq ki, müxtəlif beynəlxalq araşdırmalarda aloe veranın faydaları qeyd olunsa da, mütəxəssislər bu məhsulların istifadəsində keyfiyyət, emal üsulu və tərkib xüsusiyyətlərinin nəzərə alınmasını vacib hesab edirlər.
Mənbə: Phytotherapy Research.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe futbol azarkeşlərini qarşıdan gələn dünya çempionatından çəkinməməyə çağırıb. Onun sözlərinə görə, Ebola virusunun turnir zamanı beynəlxalq miqyasda yayılması riski aşağı olaraq qalır və insanların səyahət planlarını dəyişməsinə ehtiyac yoxdur.
Kluqe bildirib ki, Konqo Demokratik Respublikasında və Uqandada davam edən Ebola epidemiyasına baxmayaraq, virusun yayılması əsasən ucqar ərazilərlə məhdudlaşır. Bundan əlavə, riskli bölgələrdən gələn şəxslər üçün tibbi yoxlamalar həyata keçirilir. Mütəxəssis vurğulayıb ki, Ebola yalnız yoluxmuş şəxsin qanı və ya digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində ötürülür.
11 iyun tarixinə olan məlumata görə, Konqo Demokratik Respublikasında 635 yoluxma və 127 ölüm, Uqandada isə 19 yoluxma və 2 ölüm qeydə alınıb. Dünya çempionatının keçiriləcəyi ABŞ, Kanada və Meksikada, eləcə də Avropa ölkələrində xəstəlik halı aşkarlanmayıb.
Mənbə: Euronews Health

Dr. Robot AI adlı platforma istifadəçilərə süni intellekt əsaslı tibbi görüntüləmə və ultrasəs müayinəsi təcrübəsi təqdim edir. Layihənin məqsədi müayinənin daha qısa zamanda və standartlaşdırılmış formada həyata keçirilməsinə dəstək verməkdir.
Mütəxəssislər bildirirlər ki, dünya miqyasında bir sıra tibbi texnologiya şirkətləri artıq ultrasəs görüntüləmənin avtomatlaşdırılması üzərində işləyir. Bu sistemlər həkimə köməkçi olaraq işləyir, görüntülərin daha dəqiq analizini təmin edir və ilkin diaqnostik qərarların sürətlənməsinə imkan yaradır.
Süni intellekt əsaslı USM sistemləri xüsusilə təcili tibbi yardım, kənd və ucqar bölgələrdə diaqnostika imkanlarının genişləndirilməsi baxımından perspektivli hesab olunur. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, robotlaşdırılmış sistemlər hələ tam olaraq həkimləri əvəz etmir və klinik qərarların qəbulunda insan nəzarəti əsas rol oynamaqda davam edir.

MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
İqlim dəyişikliyi və qlobal istiləşmə ağcaqanad mənşəli xəstəliklərin yayılması riskini artırır. Mütəxəssislər bildirib ki, havaların daha isti keçməsi və yağıntı rejimində baş verən dəyişikliklər ağcaqanadların çoxalma müddətini uzadır, onların daha geniş ərazilərə yayılmasına şərait yaradır.
Xüsusilə son illərdə Türkiyə və Avropanın bir sıra ölkələrində müşahidə olunan Asiya Pələng Ağcaqanadı səhiyyə qurumlarının diqqət mərkəzindədir. Bu invaziv növ bəzi virus xəstəliklərinin yayılmasında rol oynaya bildiyi üçün mütəmadi monitorinq aparılır.
Mütəxəssislər risklərin artdığını qeyd etsələr də, hazırkı vəziyyətin panikaya əsas vermədiyini vurğulayıb. Bundan əlavə, qoruyucu vasitələrdən istifadə, pəncərələrə tor çəkilməsi və əhalinin maarifləndirilməsi də vacib tədbirlər sırasındadır.

Asanlıqla ağlayan insanlar çox vaxt həddindən artıq həssas hesab olunur. Lakin elmi araşdırmalar göstərib ki, emosional həssaslıq zəiflik deyil və insanın sosial münasibətlərində mühüm üstünlüklər yaradır.
Mütəxəssislərin fikrincə, emosional reaksiyalara daha açıq olan şəxslər ətrafdakı insanların əhvalındakı dəyişiklikləri daha tez hiss edir, qeyri-verbal siqnalları və emosiyaları daha yaxşı tanıya bilirlər. Bu xüsusiyyətlər yüksək empatiya qabiliyyəti ilə əlaqələndirilir. Bununla yanaşı, alimlər sosial şəbəkələrdə yayılan bəzi iddiaların elmi əsasının olmadığını vurğulayıb. Məsələn, tez-tez ağlayan insanların beynində emosional və məntiqi mərkəzlər arasında daha sürətli əlaqələrin olması barədə elmi sübutlar mövcud deyil.
Araşdırmalar göstərib ki, ağlamaq emosional tənzimlənmənin normal bir hissəsidir. Göz yaşları emosional gərginliyin azalmasına kömək edir. Mütəxəssislər bildirib ki, emosional olmaq özünənəzarətin zəif olması demək deyil. Əksinə, həssaslıq, empatiya və emosiyaları anlama bacarığı emosional intellektin vacib komponentləridir və ünsiyyət, liderlik, eləcə də sağlam münasibətlərin qurulmasında mühüm rol oynayır.
Nəticə etibarilə, ağlamaq zəiflik əlaməti deyil. Emosional həssaslıq insanın həm öz hisslərini, həm də başqalarının duyğularını daha yaxşı anlamasına kömək edən xüsusiyyət hesab olunur.

Yayın sevilən qidalarından olan dondurmanı şəkər xəstələri yeyə bilərmi? Sualımızı daxili xəstəliklər uzmanı, terapevt, Uzm. Dr. Əfsanə Bayramova cavablandırıb.
UZM. DR. ƏFSANƏ BAYRAMOVA
DAXİLİ XƏSTƏLİKLƏR UZMANI, TERAPEVT

Xatırladaq ki, son illərdə dondurma və digər yağlı süd məhsullarının sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Mütəxəssislərin sözlərinə görə, bəzi tədqiqatlar göstərib ki, tam yağlı süd məhsulları, o cümlədən nadir hallarda istehlak edilən dondurma, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski ilə gözlənildiyindən daha az əlaqəlidir.
MƏKTƏBLİLƏRDƏN YENİLİK

Böyük Britaniyada məktəblilər tərəfindən hazırlanmış innovativ layihə cinsi yolla keçən infeksiyaların (CYKİ) aşkarlanmasına yeni yanaşma təklif edir. “S.T.EYE” adlandırılan xüsusi prezervativ infeksiya ilə təmas zamanı rəngini dəyişərək istifadəçini mümkün risk barədə məlumatlandırmağı hədəfləyir. (IFLScience)
Layihə Londonun "Isaac Newton Academy" məktəbinin şagirdləri tərəfindən hazırlanıb. Gənc ixtiraçılar bu ideya ilə Böyük Britaniyada keçirilən TeenTech müsabiqəsinin səhiyyə kateqoriyasında qalib olublar.
Konsepsiyaya əsasən, prezervativin səthinə yerləşdirilən xüsusi molekullar və ya anticisimlər xlamidioz, herpes, sifilis və insan papilloma virusu kimi infeksiyalara xas patogenlərlə təmasda olduqda kimyəvi reaksiya yaradır. Nəticədə prezervativ müəyyən rəngə boyanır və hansı infeksiyanın aşkarlandığını göstərir. Məsələn, yaşıl rəng xlamidiozu, sarı herpesi, mavi sifilisi, bənövşəyi isə insan papilloma virusunu göstərə bilər.

ALİMLƏRDƏN CAVAB
Qoltuqaltı təraşdan sonra dezodorant istifadəsi döş xərçəngi riskini artırırmı?
Son illərdə sosial şəbəkələrdə və müxtəlif internet platformalarında koltuqaltı nahiyəni təraş etdikdən dərhal sonra dezodorant və ya roll-on istifadə etməyin döş xərçəngi riskini artıra biləcəyi ilə bağlı iddialar yayılıb. Bu fikrin əsasını təraş zamanı dərinin səthində yaranan mikroskopik zədələr və açılan məsamələr vasitəsilə məhsulların tərkibindəki bəzi maddələrin orqanizmə daha asan keçməsi ehtimalı təşkil edir.
Mütəxəssislərin bildirdiyinə görə, dezodorantların tərkibində olan alüminium birləşmələrinin və digər kimyəvi maddələrin döş toxumasına təsir göstərərək hormonal dəyişikliklər yaratması barədə müxtəlif hipotezlər mövcuddur. Lakin indiyədək aparılmış elmi araşdırmalar bu məhsulların istifadəsi ilə döş xərçəngi arasında birbaşa əlaqəni təsdiqləməyib. Buna baxmayaraq, təraşdan dərhal sonra dəri daha həssas olduğu üçün qıcıqlanma, yanma və allergik reaksiyaların qarşısını almaq məqsədilə dezodorant istifadəsini bir müddət gecikdirmək tövsiyə olunur.
*Araşdırmalar iddiaları təsdiqləmir*
Mütəxəssislər vurğulayırlar ki, döş xərçənginin yaranmasında genetik meyllilik, yaş, hormonal faktorlar və həyat tərzi kimi amillər daha mühüm rol oynayır. Buna görə də dezodorantlardan düzgün istifadə etmək vacib olsa da, onların döş xərçənginin əsas səbəblərindən biri olduğu barədə elmi sübut yoxdur.

Sintetik parçalardan hazırlanan geyimlərin reproduktiv sağlamlığa təsiri ilə bağlı müzakirələr davam edir. Xüsusilə polyester materialının kişi sağlamlığına mümkün təsirləri son dövrlərdə yenidən diqqət mərkəzinə gəlib.
Mütəxəssislər bildirib ki, kişi reproduktiv sisteminin normal fəaliyyəti üçün xayaların temperaturu və havalanması mühüm əhəmiyyət daşıyır. Elmi məlumatlara görə, spermatozoidlərin istehsalı bədən temperaturundan bir qədər aşağı şəraitdə baş verir. Sintetik parçalar isə hava keçirmə qabiliyyətinin zəif olması səbəbindən yerli temperaturun yüksəlməsinə və rütubətin artmasına səbəb olur.
Laborator tədqiqatlar göstərib ki, istilik və rütubət səviyyəsinin yüksəlməsi spermatozoidlərin sayına və hərəkətliliyinə mənfi təsir göstərir. Bununla belə, sağlam kişilərdə sintetik parçaların istifadəsi ilə tam və ya müvəqqəti sonsuzluq arasında birbaşa əlaqə klinik olaraq sübut edilməyib. Alimlər qeyd edib ki, temperaturun artması sperm keyfiyyətini azalda bilər, lakin bu, hər zaman reproduktiv qabiliyyətin tam itirilməsi anlamına gəlmir.
Mütəxəssislər reproduktiv sağlamlığın qorunması üçün hava keçirən və təbii liflərdən hazırlanmış alt geyimlərə üstünlük verməyi məsləhət görür. Onların fikrincə, alt paltarının materialı və rahatlığı fizioloji proseslərə təsir edir.
ALİMLƏRDƏN MARAQLI NƏTİCƏ

Türkiyə Statistika Qurumunun məlumatına görə son illərdə 35-40 yaş arasında ilk dəfə ana olan qadınların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Alimlər bu yaş qrupuna aid anaların uşaqlarının bəzi koqnitiv testlərdə daha yüksək nəticələr göstərdiyini müəyyən edib.
Araşdırma “London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi” və “Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutu” tərəfindən aparılıb.
Bununla belə, mütəxəssislər bu üstünlüyün bioloji amillərlə deyil, əsasən sosial-iqtisadi şəraitlə əlaqəli olduğunu vurğulayıb.
Araşdırmalara görə, 35-40 yaşlarında ana olan qadınlar adətən ali təhsillərini tamamlamış, peşəkar karyeralarında müəyyən sabitlik əldə etmiş və maliyyə baxımından daha güclü vəziyyətdə olur.
Bu isə onların uşaqlarına daha keyfiyyətli təhsil imkanları, inkişaf mühiti və daha çox diqqət ayırmasına şərait yaradır.
Nəticədə uşaqların zehni inkişafı və öyrənmə bacarıqları müsbət istiqamətdə formalaşır.
Tədqiqat müəllifləri qeyd edib ki, uşaqların inkişafında valideynlərin yaşı qədər onların təhsil səviyyəsi, ailə mühiti və sosial imkanları da mühüm rol oynayır.

TİBBDƏ NADİR GÖRÜLƏN HADİSƏ
Peruda tibb tarixində nadir hadisələrdən biri qeydə alınıb. Həkimlər qaraciyərdə yerləşən uşaqlıqdankənar hamiləlik nəticəsində sağlam körpənin doğulmasına nail olub. Səhiyyə rəsmilərinin məlumatına görə, bu, ölkədə ilk, dünyada isə ana və uşağın sağ qaldığı 4-cü belə hadisədir.
19 yaşlı Valeriya Velenin hamiləliyi zamanı dölün plasentası qaraciyərə yapışıb və qan təchizatını bu orqanın damarlarından alıb. Həkimlər bildirib ki, belə hallarda plasentanın çıxarılması həyati təhlükə yaradan güclü qanaxmaya səbəb ola bilər.
Riskləri minimuma endirmək üçün mütəxəssislər plasentanı qidalandıran damarları xüsusi embolizasiya üsulu ilə bağlayıb. Nəticədə yüksək riskli əməliyyat uğurla həyata keçirilib və 3,6 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib.
Mütəxəssislər qeyd edirlər ki, uşaqlıqdankənar hamiləliklərin əksəriyyəti inkişaf edə bilmir və ana üçün ciddi təhlükə yaradır. Buna görə də erkən diaqnostika və vaxtında müdaxilə hələ də ən təhlükəsiz yanaşma hesab olunur.

YENİ TƏDQİQAT
Kembric Universitetinin alimləri süni intellektin köməyi ilə hazırlanmış yeni nəsil vaksinin insanlarda ilk sınaqlarının uğurla başa çatdığını açıqlayıb. Tədqiqatçılar bildirib ki, bu, vaksinin əsas komponenti olan antigenin tamamilə süni intellekt tərəfindən hazırlandığı ilk haldır.
Yeni vaksin bütün koronaviruslara, o cümlədən COVID-19-un müxtəlif variantlarına qarşı geniş müdafiə yaratmaq məqsədi daşıyır. Alimlər hesab edir ki, bu texnologiya gələcək pandemiyaların qarşısının alınmasına kömək edə bilər.
Araşdırma çərçivəsində 39 könüllü üzərində təhlükəsizlik sınaqları aparılıb. Nəticələr vaksinin təhlükəsiz olduğunu göstərsə də, immun cavabın effektivliyini daha dəqiq qiymətləndirmək üçün 200 nəfərin iştirakı ilə ikinci mərhələ tədqiqatı planlaşdırılır.
Mütəxəssislərin sözlərinə görə, süni intellekt müxtəlif virusların genetik məlumatlarını təhlil edərək mutasiyalara qarşı daha davamlı “superantigen” hazırlayıb. Bu yanaşma yalnız koronaviruslara deyil, gələcəkdə qrip, quş qripi H5N1 və Ebola kimi təhlükəli infeksiyalara qarşı universal vaksinlərin yaradılmasına da imkan verir.

Mütəxəssislər bildirir ki, insan beyninin fəaliyyəti hər gün diqqət yetirdiyi düşüncələrdən və emosiyalardan təsirlənir. Araşdırmalar göstərir ki, müsbət düşüncə və minnətdarlıq hissinin müntəzəm şəkildə ifadə olunması beyində mühüm dəyişikliklər yaradır.
2016-cı ildə Kaliforniya Universitetinin Los-Anceles kampusunda (UCLA) neyrobioloq Elizabet Kirbinin rəhbərliyi ilə aparılan tədqiqat nəticəsində müəyyən edilib ki, 6–8 həftə ərzində minnətdarlıq praktikaları ilə məşğul olan şəxslərdə prefrontal qabıq və hipokamp kimi beyin nahiyələrinin aktivliyi artıb. Bu bölgələr emosiyaların tənzimlənməsi, motivasiya və yaddaş funksiyalarına cavabdehdir.
Alimlər bu prosesi “neyroplastiklik” adlandırıb. Bu, beynin həyat boyu yeni neyron əlaqələri yaratmaq və mövcud əlaqələri gücləndirmək qabiliyyətidir. Elmi araşdırmalar həmçinin göstərir ki, bu cür vərdişlər stress hormonu olan kortizolun səviyyəsini azalda, yuxu keyfiyyətini və diqqət toplama qabiliyyətini yaxşılaşdırır.

ABŞ-ın Nevada ştatındakı orta məktəb şagirdi Destani “Skay” Pit ənənəvi qida reseptlərinin sağlamlığa təsirini araşdıraraq maraqlı nəticələr əldə edib. O, biokimya professoru Ken Kornell ilə birlikdə yerli xalqlara məxsus amerika quşarmudu pudinqinin xərçəng hüceyrələrinə təsirini laboratoriya şəraitində öyrənib.
Araşdırma zamanı uşaqlıq sarkoması hüceyrələri üzərində 4 müxtəlif quşarmudu preparatı sınaqdan keçirilib. Nəticələr göstərib ki, yalnız ənənəvi üsulla, meyvənin tumları əzilərək hazırlanan resept xərçəng hüceyrələrinin 24 saat ərzində məhv edib. Tumlardan istifadə edilməyən pudinq və şirəsi isə heç bir təsir göstərməyib.
Alimlərin fikrincə, şiş əleyhinə potensiala malik maddələr məhz tumların tərkibində yerləşir. Mütəxəssislər vurğulayıb ki, təcrübə yalnız laboratoriyada hüceyrə üzərində aparılıb və nəticələr insanlarda təsdiqlənməyib.

Son illər “Bir şüşə kola ömrünüzdən 12 dəqiqə aparır” ifadəsi sosial şəbəkələrdə geniş yayılıb. ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları minlərlə qida və içki məhsulunu təhlil edərək onların insan sağlamlığına təsirini araşdırıb. Nəticələrə görə, şəkərlə şirinləşdirilmiş qazlı içkilərin hər porsiyası təxminən 12 dəqiqə sağlam ömür itkisi ilə əlaqələndirilib. Bu isə o demək deyil ki, kola içən kimi insanın ömrü dərhal 12 dəqiqə azalır.
Mütəxəssislərin sözlərinə görə, burada söhbət uzunmüddətli təsirdən gedir. Şəkərli qazlı içkilərin müntəzəm istifadəsi piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi problemlərin yaranma riskini artırır. Bu xəstəliklər isə zamanla həm uzunömürlülüyə, həm də həyat keyfiyyətinə mənfi təsir göstərir.
DİABET MÜALİCƏSİNDƏ YENİLİK
ABŞ-da Stanford Universitetinin tədqiqatçıları 1-ci tip diabetin müalicəsində inqilabi yenilik hesab edilən bio-mühəndislik əsaslı “mədəaltı vəzi yaması” hazırladıqlarını açıqlayıb. İddialara görə, dəri altına yerləşdirilən bu xüsusi yama insulin istehsal edən beta hüceyrələrdən ibarətdir və qanda qlükoza səviyyəsini avtomatik izləyərək lazım olduqda insulin ifraz edir.
Tədqiqatçılar bildirib ki, beta hüceyrələr xüsusi hidrogel membranla qorunur. Bu membran qlükoza və qida maddələrinin keçməsinə imkan versə də, immun hüceyrələrələrə qarşı hücumun qarşısını alır. Beləliklə, hüceyrələr uzun müddət fəaliyyət göstərir.
Məlumata görə, klinik sınaqlarda iştirak edən 44 pasiyentdə qan şəkərinin normallaşdığı və insulin inyeksiyalarına ehtiyacın aradan qalxdığı müşahidə olunub. Bir yamanın 12-18 ay ərzində effektiv fəaliyyət göstərdiyi bildirilib.



















