Rubrika: Faydalı

Yay mövsümünün ən sevilən meyvələrindən olan ərik təkcə dadı ilə deyil, zəngin qida tərkibi ilə də diqqət çəkir. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, ərik müntəzəm və normada qəbul edildikdə ürək, göz, həzm sistemi və dəri sağlamlığı üçün faydalı ola bilər.
Ərik A vitamini və onun sələfi olan beta-karotenlə zəngindir. Bu maddələr göz tor qişasının normal fəaliyyətini dəstəkləyir, yaşa bağlı görmə problemlərinin inkişaf riskini azaltmağa kömək edir. Meyvənin tərkibində olan C vitamini isə immun sisteminin normal fəaliyyətinə dəstək verir və güclü antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyur.
Ərik həm də kalium mənbəyidir. Kalium orqanizmdə maye balansının qorunmasına, əzələlərin və ürəyin normal fəaliyyətinə kömək edir. Araşdırmalar kaliumla zəngin qidaların qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərə biləcəyini göstərir.
Bu meyvədə olan pəhriz lifləri bağırsaqların normal işləməsini dəstəkləyir, qəbizliyin qarşısını almağa kömək edir və uzun müddət toxluq hissi yaradır. Eyni zamanda liflər bağırsaq mikrobiotasının sağlamlığını qorumaqda da mühüm rol oynayır.
Ərikdə E vitamini, polifenollar və digər antioksidant maddələr də mövcuddur. Bu komponentlər dərinin sağlam görünüşünün qorunmasına, iltihabi proseslərin azalmasına və hüceyrələrin oksidləşdirici stresdən müdafiəsinə töhfə verə bilər.
Bununla yanaşı, ərikdə təbii şəkərlər də var. Şəkərli diabeti olan şəxslər və ya qan şəkərinə nəzarət edən insanlar porsiya miqdarına diqqət etməli, meyvəni balanslı qidalanmanın bir hissəsi kimi qəbul etməlidirlər. Qurudulmuş ərikdə şəkərin konsentrasiyası daha yüksək olduğundan onun istifadəsində daha ehtiyatlı olmaq tövsiyə edilir.
Mütəxəssislər bildirirlər ki, heç bir meyvə təkbaşına xəstəliklərin qarşısını almır və ya onları müalicə etmir. Lakin müxtəlif meyvə və tərəvəzlərlə zəngin balanslı qidalanma sağlam həyat tərzinin vacib hissəsidir. Ərik də bu baxımdan yay süfrəsinin həm dadlı, həm də faydalı seçimlərindən biridir.

 

Rubrika: Qida zəhərlənmələri

BLOQERİN HEKAYƏSİ GÜNDƏM OLDU


Sosial şəbəkələrdə bloqer Yuli Varqasın suşi yedikdən sonra ağır xəstəlik keçirməsi ilə bağlı paylaşımı geniş müzakirələrə səbəb olub. Onun sözlərinə görə, suşi qəbul etdikdən sonra ona salmonellyoz və qarın yatalağı diaqnozu qoyulub. Gənc qadın 23 gün xəstəxanada müalicə alıb, daha sonra isə üz sinirinin iflici ilə üzləşib. Sonrakı müayinələr zamanı onda sistemli qırmızı qurdeşənəyi də aşkarlanıb.
Mütəxəssislər bildirir ki, təhlükə suşinin özündə deyil, məhsulların düzgün saxlanılmaması, gigiyena qaydalarının pozulması və ya yoluxmuş xammaldan istifadə olunması ilə bağlıdır. Xüsusilə çiy balıq sanitariya normalarına əməl edilmədikdə ciddi qida infeksiyalarına səbəb olur.
Həkimlər istehlakçılara yalnız etibarlı restoranlara üstünlük verməyi, məhsulların təzəliyinə diqqət yetirməyi və şübhəli satış məntəqələrindən qida almamağı tövsiyə edir.

 

Rubrika: Tibbdə yenilik

Alimlər yeni “iynəsiz insulin” texnologiyası hazırlayıb. Hazırlanan xüsusi polimer sayəsində insulin dəri vasitəsilə orqanizmə ötürülür. Tədqiqatın nəticələri gələcəkdə diabet xəstələri üçün insulin iynələrini gel və ya dəri bantları ilə əvəz edə biləcək yeni müalicə üsulunun əsasını qoyur.
Heyvanlar üzərində aparılan sınaqlarda insulin geli tətbiq edildikdən sonra qan şəkəri 1–2 saat ərzində normal səviyyəyə enib və əldə olunan təsir təxminən 12 saat davam edib. Alimlərin sözlərinə görə, polimer dərinin təbii pH fərqindən istifadə edərək insulini dəri baryerindən keçirib qana çatdırır.
Mütəxəssislər nəticələrin ümidverici olduğunu vurğulasalar da, texnologiyanın hələ yalnız siçan və donuzlar üzərində sınaqdan keçirildiyini bildirir. Onun insanlar üçün təhlükəsizliyi və effektivliyi klinik tədqiqatlardan sonra müəyyən ediləcək.

 

Rubrika: Yeni araşdırma


Yatmadan təxminən 1–2 saat əvvəl qəbul edilən ilıq duş daha tez yuxuya getməyə və yuxunun keyfiyyətini artırmağa kömək edə bilər. Bu nəticə “Sleep Medicine Reviews” jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Texas Universitetinin alimləri onlarla tədqiqatı təhlil edərək müəyyən edib ki, 40–42,5°C temperaturda ilıq duş və ya vanna qəbul etmək bədən temperaturunun təbii şəkildə enməsini sürətləndirir. Bu proses beyinə yuxuya hazırlaşmaq siqnalı göndərir və insanın daha rahat yuxuya getməsinə şərait yaradır.
Araşdırmaya görə, bu vərdiş yuxuya getmə müddətini orta hesabla 10 dəqiqə azaldır. Kyuşu Universitetinin (Yaponiya) alimləri də ev şəraitində apardıqları müşahidələrdə axşam qəbul edilən ilıq vannanın və duşun daha dərin yuxu və səhər daha gümrah oyanmağa müsbət təsir göstərdiyini təsdiqləyib.

Rubrika: Tədqiqat


Norveç Elm və Texnologiya Universitetinin (NTNU) apardığı araşdırma göstərib ki, evdə qulluq xidməti alan yaşlı insanlar gündəlik həyatlarına nəzarəti daha az hiss edir və daha çox darıxır.
Tədqiqatda Şərqi Norveçin üç bələdiyyəsində yaşayan 414 yaşlı iştirak edib. Nəticələrə görə, evdə qulluq alanların üçdə biri gündəlik həyatına demək olar ki, nəzarət etmədiyini bildirib. Alimlər bunu qulluq xidmətinin qeyri-sabit qrafiki, uzun gözləmə müddəti və personalın tez-tez dəyişməsi ilə əlaqələndirib.
Araşdırmaya əsasən, qocalar evində yaşayanlar isə özlərini daha nəzarətli hiss edir. Tədqiqat müəllifləri yaşlıların evdə rahat yaşaması üçün qulluq xidmətlərində sabitliyin artırılmasını, onların qərarvermə prosesinə cəlb edilməsini və fərdi istəklərinə daha çox diqqət göstərilməsini tövsiyə edir.

Rubrika: Həkimlərin absurd səhvləri


Fransanın Sen-Marten-Bulon şəhərində 17 yaşlı qızın planlaşdırılan ayaq biləyi əməliyyatı zamanı ciddi tibbi səhvə yol verilib.
Məlumata görə, gənc qız klinikaya ayaq biləyindən əməliyyat olunmaq üçün müraciət etsə də, həkimlər səhvən onun 20 yaş dişlərini çəkib. Hadisə ailənin şikayətindən sonra ictimailəşib.
Qızın anasının sözlərinə görə, əməliyyatı həyata keçirən həkim baş verən hadisəyə görə üzr istəyərək bunun tibbi səhv olduğunu etiraf edib. Ana bildirib ki, yaşadıqları hadisə onları şoka salıb və belə bir vəziyyətin yalnız filmlərdə baş verəcəyini düşündüyünü deyib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Arıqlama dərmanlarının fəsadı

ABŞ-da semaqlutid tərkibli GLP-1 qrupuna aid arıqlama preparatı qəbul edən 63 yaşlı qadının mədəsində nadir rast gəlinən bezoar – həzm olunmamış qida qalıqlarından ibarət böyük kütlə aşkarlanıb. Pasiyent qarın ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

Endoskopik müayinə zamanı həkimlər mədədə seliklə örtülü yaşıl rəngli böyük kütlə müəyyən edib. Mütəxəssislər bunun səbəbinin GLP-1 preparatlarının mədənin boşalma sürətini həddindən artıq ləngitməsi nəticəsində yaranan qastroparez olduğunu bildirib.

Müalicə zamanı preparat dayandırılıb və qadına dietik kola verilib. Mütəxəssislərin sözlərinə görə, qazlı içkinin turşuluğu və karbon qazı bəzi bezoarların parçalanmasına kömək edir. Bununla belə, həkimlər vurğulayır ki, bu üsul yalnız tibbi nəzarət altında tətbiq edilməli və ev şəraitində özbaşına istifadə olunmamalıdır.

Qocaların tənhalıq hissi belə azalır....


ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri demensiya və digər neyrokoqnitiv pozuntuları olan şəxslər üçün xüsusi “Musiqi Muzeyi” proqramı hazırlayıb. “Frontiers in Neurology” jurnalında dərc olunacaq araşdırmaya görə, canlı konsertlər və musiqi haqqında maarifləndirici təqdimatlardan ibarət proqram iştirakçıların əhval-ruhiyyəsini yaxşılaşdırıb, sosial əlaqələrini gücləndirib və zehni fəaliyyətini stimullaşdırıb.
Proqram çərçivəsində iştirakçılar caz, bossa nova, barokko və digər janrlarda musiqilər dinləyib, əsərlərin tarixi və mədəni konteksti ilə tanış olub. Tədbirlərdən sonra təşkil olunan görüşlər isə insanların bir-biri ilə ünsiyyət qurmasına şərait yaradıb. Tədqiqat iştirakçıları proqramın onlara rahatlıq, sevinc və birlik hissi bəxş etdiyini bildirib.
Mütəxəssislər qeyd edir ki, musiqi demensiya xəstələrində yaddaşın aktiv qalmasına, emosiyaların tənzimlənməsinə və tənhalıq hissinin azalmasına kömək edir.

 

Yeni araşdırma bu isti içki ilə bağlı maraqlı nəticələr əldə edib

Yeni araşdırmaya görə, filtrlənmiş qəhvə içmək orqanizmi qocalmağa qoymur.
“npj Science of Food” jurnalında dərc olunan tədqiqatda Böyük Britaniyanın 49 mindən çox sakininin sağlamlıq məlumatları araşdırılıb. Nəticələr göstərib ki, müntəzəm olaraq filtrlənmiş qəhvə içən insanlarda bioloji qocalmanı göstərən göstəricilər daha yaxşı olub.
Həll olunan (instant) qəhvə içənlərdə isə bu göstəricilərin əksinə olduğu müşahidə edilib və onların orqanizmində qocalma əlamətlərinin daha tez ortaya çıxdığı müəyyən edilib. Alimlər hesab edir ki, filtrlənmiş qəhvənin tərkibindəki bəzi faydalı maddələr hüceyrələrin qorunmasına kömək edir.
Bununla belə, tədqiqat müəllifləri vurğulayır ki, bu nəticələr filtrlənmiş qəhvənin qocalmanı birbaşa ləngitdiyini sübut etmir. Dəqiq nəticəyə gəlmək üçün gələcəkdə daha geniş və uzunmüddətli araşdırmaların aparılmasına ehtiyac var.

Siqaret, yoxsa günəş daha təhlükəlidir?

YENİ ARAŞDIRMANIN NƏTİCƏLƏRİ CAVABLAYIR

“Journal of Internal Medicine” jurnalında dərc olunan araşdırmaya görə, günəş şüalarından tamamilə qaçan qadınların ölüm riski siqaret çəkən qadınlarla müqayisə edilə biləcək səviyyədə olub. Tədqiqat çərçivəsində 29 mindən çox İsveç qadını 20 il ərzində izlənilib. Nəticələr göstərib ki, günəşdən yayınan qadınların ömür uzunluğu günəşə müntəzəm çıxanlarla müqayisədə 0,6–2,1 il daha qısa olub.
Alimlər bildirib ki, günəş işığı orqanizmdə eyni vaxtda D vitamini, serotonin və azot oksidinin sintezini stimullaşdırır. Azot oksidi qan damarlarını genişləndirərək təzyiqin azalmasına kömək edir. Digər tədqiqatlar isə aşağı D vitamini səviyyəsinin depressiya riskini artırdığını göstərir.
Mütəxəssislər xüsusilə günəş doğduqdan sonrakı ilk saatlarda qısa müddətli günəşlənmənin daha təhlükəsiz olduğunu vurğulayıb. Qış aylarında isə D vitamini ilə zəngin qidaların qəbul edilməsi tövsiyə olunur.

Ağciyərin bir hissəsi ilə yaşayır

Şəkidən müraciət edən pasiyent SAF Hospitalda uğurla əməliyyat olunub.
Bir çox hallarda ağciyərin ağır zədələnməsi və ya şiş xəstəlikləri zamanı xəstənin həyatını xilas etmək üçün ağciyərin bir hissəsinin və ya tamamilə bir tərəfinin çıxarılması zəruri olur. Belə əməliyyatlardan sonra düzgün müalicə və reabilitasiya ilə pasiyentin normal həyatını davam etdirməsi mümkündür.
Şəkidən şəfa ümidi ilə SAF Hospitala müraciət edən pasiyent tibb üzrə fəlsəfə doktoru, torakal cərrah Cəmil Ələkbərov tərəfindən müayinə olunaraq əməliyyata qəbul edilib.
Peşəkar tibbi komandanın iştirakı ilə icra olunan mürəkkəb cərrahi əməliyyat uğurla başa çatıb. Əməliyyat nəticəsində pasiyentin ağciyərinin bir tərəfi çıxarılsa da, onun sağlamlıq vəziyyəti stabilləşib və hazırda özünü yaxşı hiss edir.
Həkimlərin nəzarəti altında müalicəsini uğurla başa vuran pasiyent qənaətbəxş vəziyyətdə evə buraxılıb.
SAF Hospitalda torakal cərrahiyyə sahəsində mürəkkəb ağciyər və döş qəfəsi əməliyyatları müasir tibbi standartlara uyğun şəkildə həyata keçirilir.

BİR AĞCİYƏRLƏ YAŞAYAN ADAM - VİDEONU BURADAN İZLƏ 

    

   
SAF Hospital - Sağlamlığınız məqsədimizdir!
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Y.V. Çəmənzəminli küç. 18
Telefon: 055 520 03 03

 

"Mədəm özü özünü yeyir"

ABŞ-ın tanınmış texnologiya sahibkarı və biohaker Bryan Johnson uzun illərdir qocalmanı ləngitmək və ömrünü uzatmaq üçün milyonlarla dollar xərcləyir. O, gündəlik yüzlərlə analiz verir, xüsusi pəhriz saxlayır və bir müddət hətta gəncləşmək məqsədilə oğlu Talmage Johnsonun qan plazmasını qəbul etməsi ilə dünya mediasının gündəminə çevrilmişdi.
Lakin bütün bu səylərə baxmayaraq, Johnson bildirib ki, ona sağalmaz Autoimmun Qastrit (Autoimmune Gastritis – AIG) diaqnozu qoyulub. Bu xəstəlik zamanı immun sistemi səhvən mədənin sağlam hüceyrələrinə hücum edir və zamanla mədə selikli qişasının zədələnməsinə səbəb olur.
Bryan Johnsonun sözlərinə görə, xəstəlik illərlə heç bir əlamət vermədən inkişaf edib. Onda dəmir çatışmazlığı, yorğunluq və müxtəlif vitamin çatışmazlıqları müşahidə olunsa da, səbəb yalnız endoskopiya və biopsiyadan sonra müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, autoimmun qastritin tam müalicəsi yoxdur.

Alimlərdən gözlənilməz açıqlama


Qısamüddətli tənbəllik və ya bir neçə günlük istirahət sağlamlıq üçün düşündüyümüzdən daha faydalıdır. Bu barədə tibb elmləri namizədi, Perm Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov məlumat verib.
Onun sözlərinə görə, tənbəlliyin iki növü var: biri həddindən artıq yorğunluq, xəstəlik və enerji çatışmazlığından yaranır, digəri isə beynin çətin və tez nəticə verməyən işlərdən yayınmaq istəyindən qaynaqlanır. Mütəxəssis bildirib ki, qısa istirahət dövründə beyin toksinlərdən daha effektiv təmizlənir, sinir liflərinin qoruyucu qişası – mielin bərpa olunur, immun sisteminin fəaliyyəti güclənir.
Eyni zamanda stress hormonu olan kortizolun səviyyəsi azalır, həzm sistemi daha yaxşı işləyir və qida maddələrinin həzmi yaxşılaşır. Alimin fikrincə, düzgün planlaşdırılmış tənbəllik motivasiyanı artırır və orqanizmi vaxtından əvvəl qocalmadan qorumağa kömək edir.

Texnologiya, yoxsa, möcüzə?!


Almaniyada alimlər iflic nəticəsində əl hərəkətlərini itirmiş insanların gündəlik həyatını asanlaşdıracaq innovativ dəri əlcək hazırlayıb.
Yumşaq hava kameraları ilə təchiz olunan əlcək 13 müstəqil boru vasitəsilə işləyir. Hava verildikdə barmaqları ehtiyatla hərəkət etdirir və biləyi fırladır. Qurğu ön qol əzələlərinin zəif bioelektrik siqnallarını xüsusi sensorlarla oxuyur, süni intellekt alqoritmləri isə istifadəçinin etmək istədiyi hərəkəti 97 faiz dəqiqliklə proqnozlaşdırır. Əlavə hərəkət sensorları əşyaların əldən düşməsinin qarşısını alır.
Texnologiya amiotrofik lateral sklerozdan (ALS) əziyyət çəkən pasiyent üzərində sınaqdan keçirilib. Dörd il ərzində əllərini idarə edə bilməyən xəstə cəmi 5 dəqiqəlik məşqdən sonra ilk dəfə müstəqil şəkildə çəngəli götürə bilib.
Tədqiqatçılar hesab edir ki, bu əlcək iflic və sinir zədələnməsi olan insanların reabilitasiyasında mühüm rol oynayır.

 

Birinci uşaq tələf edilərsə...

Qeysəriyyə əməliyyatı keçirmiş qadınların sonrakı hamiləliklərində normal doğuş etməsi bir çox hallarda mümkündür.

Bu barədə SÜNİ MAYALANMA ÜZRƏ MÜTƏXƏSSİS, CƏRRAH-MAMA-GİNEKOLOQ UZM. DR. ÜLVİYYƏ MEHDİXANLI danışıb.
Mütəxəssis qeyd edib ki, düzgün qiymətləndirmə və həkim nəzarəti ilə bir çox qadın qeysəriyyədən sonra uğurla normal doğuş edə bilir.


Həkimin fikirlərini bu video keçiddən izləyə bilərsiniz:

Uzm. Dr. Ülviyyə Mehdixanlı

 

TƏCAVÜZƏ QARŞI QADINLARI QORUYAN PREZERVATİV HAZIRLANIB

 

Cənubi Afrikadan olan həkim potensial təcavüzkarları çəkindirmək məqsədilə "dişli" qadın prezervativi hazırlayıb. Bu "tələ"yə düşən cinayətkar ağrılardan yalnız həkim müdaxiləsi ilə xilas ola bilər.

Cənubi Afrikalı həkim Sonnet Ehlers təxminən 40 il ərzində zorakılardan qoruyan xüsusi prezervativ hazırlamaq ideyası üzərində çalışıb. O, 20 yaşında tibb sahəsində araşdırma apararkən təcavüz qurbanı olmuş bir qadınla qarşılaşıb. Həkimin sözlərinə görə, qadın "nəfəs alan meyitə" bənzəyirdi. Bu barədə Daily Mail məlumat yayıb.

CNN-ə müsahibəsində Ehlers həmin qadınla söhbətini xatırlayaraq deyib: "Kaş ki, orada dişlərim olaydı."? deyə təcavüz edilən qadın nalə çəkib.

Həkim bildirib ki, məhz bu sözlər ona ilham verib:

"Mən ona söz verdim ki, bir gün onun kimi insanlara kömək edəcək nəsə hazırlayacağam."

Həkimin hazırladığı Rape-Axe adlı qurğu qadın prezervatividir. Onun daxili hissəsində dişə bənzər xüsusi qarmaqlar yerləşdirilib. Cinsi zorakılıq zamanı bu qarmaqlar kişinin cinsiyyət üzvünə keçirilərək onu sıx şəkildə tutur.

Həkimin sözlərinə görə, qurğu taxıldıqdan sonra kişi güclü ağrı hiss edir, normal hərəkət etməkdə və sidiyə çıxmaqda çətinlik yaşayır. Qurğunu özü çıxarmağa cəhd etdikdə isə qarmaqlar daha da sıxılır. Bununla belə, qurğu dərini cırmır və bədən mayeləri ilə təmas riski yaratmır.

Hər an dünyanın səslərinə həsrət qala bilərsiniz...


ABŞ-ın Klivlend Klinikasının audioloqu Valeri Pavloviç Raff və Mayo Klinikasının audioloqu Ceymi Boql bildirirlər ki, eşitmə itkisi təkcə yüksək səsli konsertlərdən deyil, gündəlik vərdişlərdən də yarana bilər. Mütəxəssislərin sözlərinə görə, daxili qulaqdakı səs reseptorları zədələndikdə onlar bərpa olunmur və eşitmə itkisi geri dönməz olur.
Araşdırmada vurğulanır ki, uzun müddət yüksək səslə qulaqcıqdan istifadə etmək, səs-küylü alətlərlə işləmək, magistral yolda avtomobili açıq pəncərə ilə idarə etmək belə eşitməyə zərər verə bilər. Mütəxəssislər səs-küylü mühitdə keyfiyyətli qulaq tıxaclarından istifadə etməyi, qulaqcığın səsini təhlükəsiz səviyyədə saxlamağı və qulaqlarda küy, zəng səsi və ya eşitmədə zəifləmə hiss edilərsə vaxt itirmədən audioloqa müraciət etməyi tövsiyə edirlər.

 

Yuxunuz şiriin, könlünüz fərah olacaq!

Yatmazdan əvvəl cəmi 10 dəqiqə ərzində üzə kosmetik vasitələrlə yüngül masaj etmək həm yuxu keyfiyyətini artıra, həm də narahatlıq hissini azalda bilər. Bu nəticə **Scientific Reports** jurnalında dərc olunan yeni araşdırmada əldə edilib. 

Tədqiqat Fransanın **Chanel Parfums Beauté** şirkəti və elmi-tədqiqat müəssisələrinin əməkdaşlığı ilə aparılıb. Araşdırmaya 25-45 yaş arasında, yuxu problemlərindən əziyyət çəkən sağlam qadınlar cəlb olunub. İştirakçılar əvvəlcə bir həftə müşahidə edilib, daha sonra isə 4 həftə ərzində hər axşam yatmazdan əvvəl təxminən 10 dəqiqə davam edən dəriyə qulluq və özünə üz masajı ritualını yerinə yetiriblər. Masaj zamanı vanil və yüngül çiçək notları olan bədən kremi və üz serumu istifadə olunub. 

Nəticələr göstərib ki, bu ritualı tətbiq edən qadınlar daha tez yuxuya getdiklərini, yuxularının keyfiyyətinin yüksəldiyini, özlərini gün ərzində daha enerjili hiss etdiklərini və narahatlıq səviyyəsinin azaldığını bildiriblər. Bundan əlavə, onların psixi sağlamlıq və həyat enerjisini qiymətləndirən göstəricilərdə də müsbət dəyişikliklər qeydə alınıb. Ağıllı üzük vasitəsilə toplanan məlumatlar isə istirahət günlərində ümumi və dərin yuxu müddətinin artdığını göstərib.

Alimlər qeyd edirlər ki, bu nəticələr ümidverici olsa da, müsbət təsirin məhz masajdan, kosmetik vasitələrin tərkibindən, yoxsa hər ikisinin birlikdə təsirindən qaynaqlandığını dəqiqləşdirmək üçün daha genişmiqyaslı və randomizə olunmuş tədqiqatlara ehtiyac var.


Mənbə: News-Medical.net

 

Niyə bəziləri işdən evə getməyə tələsmi?

Yeni sorğu göstərib ki, bəzi insanlar işdə əlavə vaxt keçirmələrinin əsas səbəbi iş yükü deyil, sadəcə bir müddət tək qalmaq və sakitlik tapmaq istəyidir. Respondentlərin 12%-i etiraf edib ki, bəzən evə tələsmir, şəxsi məkan əldə etmək və gündəlik qayğılardan uzaqlaşmaq üçün iş yerində qalmağa üstünlük verir.

Psixoloqlar bildirirlər ki, müasir həyatın yüksək tempi, ailə məsuliyyətləri və davamlı stress insanlarda qısa müddət tək qalmaq ehtiyacını artırır. Mütəxəssislərin fikrincə, belə fasilələr emosional gərginliyi azaltmağa, düşüncələri toparlamağa, psixoloji tarazlığı bərpa etməyə və zehni yorğunluğu aradan qaldırmağa kömək edə bilər. Buna görə də bəzən işdən sonra bir qədər ofisdə qalmaq hər zaman problem əlaməti hesab edilmir.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, əgər insan davamlı olaraq evə qayıtmaq istəmir, ailəsi ilə vaxt keçirməkdən yayınır və bunu vərdiş halına çevirirsə, bu, ailədaxili münasibətlərdə gərginliyin, emosional tükənmişliyin, depressiyanın və ya digər psixoloji problemlərin göstəricisi ola bilər. Belə hallarda problemin əsl səbəbini müəyyənləşdirmək və ehtiyac yaranarsa psixoloqdan dəstək almaq tövsiyə olunur.

 

Əzələ ilə diabet arasında əlaqə var!

ALİMLƏRDƏN YENİ ARAŞDIRMA
BAĞLANTINI ORTAYA QOYDU
Yeni araşdırma göstərib ki, əzələ sağlamlığında olan problemlər 2-ci tip diabetin yaranma riskində mühüm rol oynayır. ABŞ-ın Pennington Biotibbi Tədqiqat Mərkəzinin (Pennington Biomedical Research Center) alimləri müəyyən ediblər ki, əzələ kütləsi və əzələlərin funksiyası zəiflədikcə orqanizmin insulinə həssaslığı azalır, bu isə qanda şəkərin yüksəlməsi və diabet riskinin artması ilə əlaqələndirilir. Tədqiqat müəllifləri bildirirlər ki, yalnız bədən çəkisi deyil, əzələlərin vəziyyəti də metabolik sağlamlığın əsas göstəricilərindən biridir.
Mütəxəssislərin fikrincə, sağlam əzələlər qanda qlükozanın daha səmərəli istifadə olunmasına kömək edir və diabetdən qoruyucu təsir göstərir. Əzələ sağlamlığını qorumaq üçün müntəzəm güc məşqləri etmək, kifayət qədər zülal qəbul etmək, aktiv həyat tərzi sürmək və uzun müddət hərəkətsiz qalmamaq tövsiyə olunur.

 

Meyvə-tərəvəzi mövsümündə yeməsəniz... VİDEO

Yay mövsümündə bazarlarda qarpız və yemiş bolluğu müşahidə olunur. Lakin mütəxəssislər bu məhsulların seçimində və istehlakında tələsməməyi tövsiyə edirlər. Daxili xəstəliklər uzmanı, terapevt Uzm. Dr. Əfsanə Bayramova bildirib ki, qarpız və yemişi onların təbii yetişmə dövründə istehlak etmək daha məqsədəuyğundur.

Həkimin sözlərinə görə, meyvə alarkən qabığında çat, əzik və ya çürük izlərinin olmamasına diqqət yetirilməlidir. Açıq havada kəsilmiş şəkildə satılan qarpız və yemişlər isə gigiyenik baxımdan risk daşıdığından onların alınması məsləhət görülmür.

Mütəxəssis qeyd edib ki, istifadə etməzdən əvvəl meyvələr axar su altında yaxşı yuyulmalı, doğrandıqdan sonra isə uzun müddət otaq temperaturunda saxlanılmamalıdır. Bu qaydalara əməl etmək qida mənşəli infeksiyaların qarşısının alınmasına kömək edir.

Uzm. Dr. Əfsanə Bayramova vurğulayıb ki, mövsümündə yetişən qarpız və yemiş həm daha təhlükəsiz, həm də qida dəyəri baxımından daha faydalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də yay mövsümündə bu məhsulların seçilməsi, yuyulması və saxlanılması zamanı gigiyena qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.

VİDEO - İZLƏ

 

Mif, yoxsa doğru?!

Yuxu problemləri zamanı maqnezium qəbulunun faydalı olması ilə bağlı geniş yayılmış fikir elmi araşdırmalarla tam təsdiqini tapmayıb. Mütəxəssislər bildirir ki, bu mineral orqanizm üçün vacib olsa da, onun yuxusuzluğun müalicəsində effektivliyinə dair kifayət qədər güclü elmi sübut yoxdur. Bu barədə Barselona Universitetinin alimləri “The Conversation” nəşrinə məlumat verib.
Araşdırmalara görə, bəzi kiçik tədqiqatlarda maqnezium qəbul edən şəxslərdə yuxuya getmə müddətinin qısalması və yuxu keyfiyyətinin müəyyən qədər yaxşılaşması müşahidə edilsə də, bu nəticələr bütün insanlar üçün keçərli deyil.
Mütəxəssislər vurğulayıb ki, maqnezium yalnız bu mineralın çatışmazlığı olan insanlarda müəyyən fayda verə bilər. Yuxusuzluqdan əziyyət çəkən şəxslər isə problemi özbaşına qida əlavələri ilə həll etməyə çalışmamalı, ilk növbədə səbəbin müəyyən edilməsi üçün həkimə müraciət etməlidir. Həmçinin maqnezium preparatlarının həddindən artıq qəbulu ürəkbulanma, ishal və digər yan təsirlərə səbəb olur.

Üzünü qırxanlarda daha çox bakteriya aşkarlanıb


Kişi saqqalının gigiyenik olub-olmaması uzun illərdir müzakirə olunur. Alimlərin araşdırmaları göstərir ki, saqqalda çoxlu sayda bakteriya və digər mikroorqanizmlər yaşasa da, bu, onun avtomatik olaraq sağlamlıq üçün təhlükəli olması demək deyil. Mütəxəssislərin sözlərinə görə, insan dərisinin özü də trilyonlarla bakteriya, virus və göbələyin yaşadığı təbii mikrobioma malikdir və saqqal da bu mühitin bir hissəsidir.
Xəstəxana əməkdaşları arasında aparılan müxtəlif tədqiqatlar ziddiyyətli nəticələr göstərib. Bəzi araşdırmalarda saqqallı kişilərdə bakteriyaların daha çox olduğu bildirilsə də, digər tədqiqatlarda saqqallı və təmiz qırxılmış şəxslər arasında ciddi fərq aşkarlanmayıb. Hətta bəzi hallarda üzü qırxılmış şəxslərdə xəstəxanadaxili infeksiyalara səbəb olan qızılı stafilokok bakteriyası daha çox müşahidə edilib. Alimlər bunu ülgüclə qırxılma zamanı yaranan xırda dəri zədələri ilə əlaqələndirir.
Dermatoloqlar bildirirlər ki, əsas məsələ saqqalın olub-olmaması deyil, ona düzgün qulluq edilməsidir. Saqqalın hər gün yuyulması, xüsusilə idmandan və ya yağlı qida qəbulundan sonra təmizlənməsi, həmçinin xüsusi qulluq vasitələrindən istifadə edilməsi mikrobların çoxalmasının qarşısını almağa kömək edir. Mütəxəssislər gün ərzində saqqala tez-tez əl vurmağın da gigiyena baxımından arzuolunmaz olduğunu vurğulayırlar.

 

Kişilərin həyatı üçün təhlükəli simptom aşkarlandı

Erektil disfunksiya təkcə cinsi sağlamlıq problemi deyil, həm də ürək-damar sistemi və maddələr mübadiləsi pozuntularının erkən əlaməti ola bilər. Bu barədə “Frontiers in Clinical Diabetes and Healthcare” (FCDH) jurnalında dərc olunan yeni elmi məqalədə bildirilir.

Tədqiqatın müəllifləri onlarla iri həcmli araşdırmanın nəticələrini təhlil edərək müəyyən ediblər ki, erektil disfunksiya çox vaxt orqanizmdə damarların zədələnməsi və maddələr mübadiləsinin pozulması ilə əlaqəlidir. Meta-analizin nəticələrinə əsasən, erektil disfunksiyası olan kişilərdə ürək-damar xəstəliklərinin inkişaf riski bu problemi yaşamayanlarla müqayisədə 1,4 dəfə yüksəkdir.
Mütəxəssislər bunu kişi cinsi orqanındakı damarların diametrinin cəmi 1–2 millimetr olması ilə izah edirlər. Araşdırmada həmçinin qeyd olunur ki, erektil disfunksiya bəzi hallarda 2-ci tip diabetin inkişafından da bir neçə il əvvəl müşahidə oluna bilər.
Mütəxəssislər erektil disfunksiyanın davamlı xarakter aldığı hallarda yalnız uroloqa deyil, eyni zamanda kardioloqa müraciət etməyi, qan təzyiqi, qanda şəkər və xolesterin səviyyəsinin yoxlanılmasını tövsiyə edirlər.

Futbolçu sağlamlıq sirlərini paylaşdı


Dünyanın ən məşhur futbolçularından biri olan Erlinq Holannın uğurunun sirri məhz bu vərdişlərdən keçir.
Mütəxəssislər bildirir ki, peşəkar idmançının tətbiq etdiyi bərpa üsullarının bir qismi elmi cəhətdən faydalı hesab olunsa da, hamısı hər kəs üçün uyğun deyil.
Holann məşqdən sonra mütəmadi olaraq buz vannaları qəbul edir, saunadan istifadə edir, hipoksik kameralarda – yəni oksigen səviyyəsi azaldılmış mühitdə məşq edir və gün ərzində kifayət qədər yatmağa üstünlük verir. Onun sözlərinə görə, yüksək nəticənin sirri təkcə məşqdə deyil, günün qalan 22 saatını necə keçirməkdədir.
Mütəxəssislər qeyd edir ki, buz vannaları və sauna əzələlərin bərpasına kömək edir. Lakin ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər sağlamlıq problemləri olan şəxslər bu üsullardan yalnız həkim məsləhəti ilə istifadə etməlidir. Hipoksik kameralar isə əsasən peşəkar idmançılar üçün nəzərdə tutulur və nəzarətsiz tətbiqi təhlükəli ola bilər.

 

Hindistana sağlam getdi, xəstə qaytıtdı

Hindistana etdiyi səfərdən illər sonra Böyük Britaniya sakininin beynində 38 parazit aşkarlanıb. Həkimlərin bildirdiyinə görə, bu nadir hal neyrosistiserkoz adlanan xəstəliklə əlaqədardır. Xəstəlik donuz soliterinin (Taenia solium) sürfələrinin mərkəzi sinir sisteminə keçməsi nəticəsində yaranır.
Məlumata görə, qadın ilk dəfə səhhətində problem olduğunu ayaqyolunda təxminən bir metr uzunluğunda lentşəkilli qurd gördükdən sonra anlayıb. Sonrakı müayinələr zamanı onun beynində 38 parazit olduğu müəyyən edilib. Bu vəziyyət güclü baş ağrıları, qıcolmalar və psixoloji pozuntulara səbəb olub.
Mütəxəssislərin ehtimalına görə, qadın 2007-ci ildə Hindistana etdiyi üç aylıq səfər zamanı mikroskopik parazit yumurtaları ilə çirklənmiş qida qəbul edib. Maraqlıdır ki, o, səfər zamanı ət yeməkdən imtina etsə də, həkimlər yoluxmanın təsadüfən çirklənmiş qida vasitəsilə baş verdiyini düşünür.
Hazırda uzunmüddətli müalicə alan pasiyent yaşadıqlarını ictimaiyyətlə bölüşərək bu nadir, lakin təhlükəli parazitar xəstəlik barədə məlumatlılığın artırılmasının vacibliyini vurğulayır.

Ev heyvanları ilə bağlı maraqlı faktlar


Mütəxəssislər bildirir ki, sağlam və baxımlı itlə eyni yataqda yatmaq əksər insanlar üçün ciddi təhlükə yaratmasa da, bu vərdiş hər kəs üçün uyğun deyil. Allergoloqların sözlərinə görə, heyvanın tükləri deyil, əsasən tüpürcəyi, dəri hissəcikləri və piy vəzilərinin ifrazı allergik reaksiyalara səbəb olur. Buna görə də itə qarşı allergiyası olan şəxslərə ev heyvanı ilə eyni yataqda yatmaq tövsiyə edilmir.
Mütəxəssislər vurğulayır ki, it mütəmadi peyvənd olunmalı, parazitlərə qarşı müalicə edilməli və gəzintidən sonra gigiyena qaydalarına əməl olunmalıdır. Əks halda infeksiya və parazitlərin ötürülməsi riski arta bilər. Bundan əlavə, ev heyvanının gecə hərəkət etməsi və ya səs salması yuxu keyfiyyətini də poza bilər.
Həkimlər qeyd edir ki, səhərlər burun tutulması, asqırma, göz yaşarması və ya öskürək kimi əlamətlər müşahidə olunursa, bir müddət itlə eyni yataqda yatmamaq və simptomların dəyişib-dəyişmədiyini izləmək məqsədəuyğundur. Əlamətlər aradan qalxarsa, bunun səbəbi ev heyvanına qarşı allergiya ola bilər.

 

Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir


Son araşdırmalar göstərib ki, smartfon və digər rəqəmsal cihazlardan uzunmüddətli istifadə təkcə psixoloji deyil, fiziki sağlamlığa da təsir edir. Mütəxəssislərin fikrincə, telefona baxarkən başın uzun müddət irəli əyilməsi "texno-boyun" adlanan vəziyyətə səbəb olur. Bu isə boyun fəqərələrinə əlavə yük salır, əzələ və oynaqlarda degenerativ dəyişikliklər yarada, hətta ağciyərlərin fəaliyyətini zəiflədə bilər. Bundan əlavə, ağıllı saatların fasiləsiz taxılması dəridə qıcıqlanma və ekzema riskini artırır.
Araşdırmalara görə, ekran qarşısında çox vaxt keçirmək yaxın məsafədə işləməkdən daha çox insanların açıq havada az vaxt keçirməsinə səbəb olur. Xüsusilə uşaqlarda ekran vaxtının artması idrak inkişafına mənfi təsir göstərir.
Mütəxəssislər bu riskləri azaltmaq üçün ekranı göz səviyyəsində saxlamağı, hər 30 dəqiqədən bir qısa fasilə verməyi, gündəlik fiziki aktivliyi artırmağı, açıq havada daha çox vaxt keçirməyi və əl bacarıqlarını inkişaf etdirən fəaliyyətlərlə – musiqi alətində ifa etmək, yemək hazırlamaq və ya əl ilə yazmaq kimi məşğul olmağı tövsiyə edir.

 

"Xorultu" səbəbi ilə ailələr dağılır - Yerli terapevt


Xorultu ailədaxili münasibətləri gərginləşdirir, bəzən ailələrin dağılmasına belə səbəb olur.

Gecə saatlarında güclü xorultu bəzi hallarda yuxu zamanı nəfəsin dayanması (yuxu apnesi) ilə müşayiət oluna bilər ki,

bu da ciddi sağlamlıq riski yaradır və müalicə olunmadıqda həyati təhlükəyə səbəb olur.

Bu haqda DAXİLİ XƏSTƏLİKLƏR UZMANI, TERAPEVT UZM. DR. ƏFSANƏ BAYRAMOVA danışıb.

VİDEO İZLƏ


Qeyd edək ki, mütəxəssislər davamlı xorultunu sadəcə səs-küy problemi deyil, mümkün sağlamlıq xəbərdarlığı kimi qiymətləndirir.

Bu halda mütləq həkimə müraciət edilməlidir.

Erkən diaqnoz və müalicə gələcəkdə yarana biləcək ciddi sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: SAF Hospital 050 520 03 03

Ərik ürəyi qoruya bilər, amma həddindən artıq istifadə risk daşıyır


Müasir elmi araşdırmalar göstərir ki, ərik vitamin, lif və antioksidantlarla zəngin olduğundan ürək-damar sağlamlığının qorunmasına, həzmin yaxşılaşmasına və orqanizmdə iltihabi proseslərin azalmasına müsbət təsir göstərə bilər. Xüsusilə tünd rəngli ərik növlərində olan antosianinlər ürək xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir. Son sistematik təhlillər meyvələrin müntəzəm qəbulunun xolesterin göstəricilərinin yaxşılaşmasına və metabolik sağlamlığın dəstəklənməsinə kömək edə biləcəyini göstərir. (EatingWell)
Bununla yanaşı, mütəxəssislər ərikdən həddindən artıq istifadə etməməyi tövsiyə edirlər. Meyvənin tərkibindəki təbii şəkərlər diabeti olan şəxslərdə qanda qlükoza səviyyəsinə təsir göstərə bilər. Həddindən artıq qəbul isə bəzi insanlarda köp, ishal və digər həzm pozuntularına səbəb ola bilər. Qurudulmuş ərik kalorili və şəkər baxımından daha zəngin olduğuna görə porsiya nəzarəti vacib sayılır. (ResearchGate)
Mənbə: The American Journal of Clinical Nutrition, Foods jurnalı və sistematik elmi icmallar. (EatingWell)

 

Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir


Ümumi anesteziya zamanı insanın şüuru və ağrı hissi tamamilə söndürülsə də, beyin fəaliyyətinin bütünlüklə dayanmadığı məlum olub. Mütəxəssislərin bildirdiyinə görə, aparılan funksional maqnit-rezonans tomoqrafiyası (fMRI) və elektroensefaloqrafiya (EEQ) tədqiqatları göstərib ki, anesteziya altında olan şəxslərdə səs dalğaları eşitmə korteksinə qədər çatır və beyin bu məlumatları müəyyən səviyyədə emal etməyə davam edir.
“British Journal of Anaesthesia”da dərc edilən araşdırmalar göstərib ki, xəstə dərin yuxuya bənzər vəziyyətdə olsa belə, eşitmə sistemi ətraf mühitdəki səsləri və danışılan sözləri neyron səviyyəsində qeydə ala bilir. Bununla belə, bu məlumatların əksəriyyəti sonradan şüurlu şəkildə xatırlanmır.
Mütəxəssislər qeyd edib ki, çox nadir hallarda “anesteziya altında fərqindəlik” adlanan hal baş verir. Bu zaman xəstə əməliyyat zamanı eşitdiyi bəzi səsləri və ya söhbətləri sonradan qismən xatırlaya bilir. Alimlər hesab edir ki, bu tapıntılar anesteziyanın beyin üzərindəki təsirlərini daha yaxşı anlamağa və əməliyyat təhlükəsizliyini artırmağa kömək edir.

 

Orqan çatışmazlığının yeni həll yolu - Süni yetişdirmə


Dünyada ilk dəfə Çinli tədqiqatçılar insanın erkən inkişafının əsas mərhələlərini təkrarlaya və orqanların birləşməmiş hüceyrələrini formalaşdıran insan embrional disk modelini hazırlayıb. Bu barədə China Daily nəşri məlumat yayıb.
Beynəlxalq normalara əsasən, insan embrionlarının mayalanmadan sonra 14 gündən artıq laboratoriya şəraitində yetişdirilməsi qadağandır. Məhz bu müddətdən sonra gələcək bütün orqanların qastrulyasiya mərhələsi başlayır. Buna görə də süni yaradılmış embrionabənzər modellər inkişafın 14-cü gündən 21-ci gününədək olan dövrünü öyrənməyin etik baxımdan yeganə üsulu hesab olunur.
Çin Elmlər Akademiyasının Zoologiya İnstitutunun professoru Yu Leçyanın sözlərinə görə, əvvəlki embrion modelləri yalnız ayrı-ayrı hüceyrə tiplərini yaradıb. Alimlər bu məhdudiyyəti aradan qaldırmaq üçün biomühəndislik üsulları ilə "disc-Gastruloids" adlı yeni model hazırlayıb.
Model halların 80 faizindən çoxunda insan embrionunun erkən inkişaf mərhələlərini uğurla təkrarlayıb. Yeddi gün ərzində sinir borusu, ilkin bağırsaq, ağciyər, qaraciyər, mədəaltı vəzi və ritmik yığılmağa başlayan ilkin ürək kamerası formalaşıb.

 

Sağlam qidalanma vərdişinin bünövrəsi körpəlikdən qoyulmalıdır

ALİMLƏRDƏN VALİDEYNLƏR ÜÇÜN 6 TÖVSİYƏ


Araşdırmalara görə, eyni məhsulu uşağın qəbul etməsi üçün onu 5–15 dəfə fərqli vaxtlarda təklif etmək lazımdır.
Mütəxəssislər ilk növbədə tərəvəzləri yeməyin əvvəlində verməyi tövsiyə edirlər. Uşaq daha ac olduğu üçün onları yemək ehtimalı artır.
İkinci tövsiyə tərəvəzlərin maraqlı formalarda doğranması, rəngarəng təqdim edilməsi və müxtəlif növlərinin eyni boşqabda verilməsidir. Belə olan halda uşaqların faydalı qidalanma ehtimalı artır.
Bundan başqa, uşaqları yemək hazırlığına cəlb etmək, məhsullara toxunmağa, qoxulamağa və onları araşdırmağa imkan yaratmaq yeni dadlara qarşı qapanmanı azaldır. Bu, üçüncü tövsiyədir.
Tərəvəzlr haqqında maraqlı faktları paylaşmaq, onları hansı heyvanların ləzzətlə yediyini danışmaq, hansı gücü və fiziki üstünlüyü verməyi barədə bilgiləri izah etmək də əhəmiyyətli dərəcədə müsbət təsiri var, deyə alimlər bildirir. Dördüncü tövsiyə bundan ibarətdir.
Beşinci amil isə valideynin özünün nümunə olmağıdır. Siz qaynadılmış makaron yeyirsinizsə, övladınızın bişmiş kök yemək ehtimalı çox azdır.
Nəhayət alimlərin sonuncu məsləhəti ondan ibarədir ki, ailə üzvlərinin birlikdə yemək yeməsi və böyüklərin sağlam qidalanması uşaqlarda meyvə-tərəvəzə marağı gücləndirir.
Mütəxəssislər bildirirlər ki, məcburiyyət və ya şirniyyatla mükafatlandırmaq əks nəticə verə bilər.
Mənbə: BBC News

 

Həkimlərdən ciddi xəbərdarlıq!


Berlinin "Şarite" klinikasında pulmonoloq doktor Klaus Veber qəbul etdiyi 45 yaşlı qadın pasiyentdə bir il əvvəl başlayan astmanın səbəbini araşdırmağa başlayıb. Ev şəraiti ilə maraqlanarkən məlum olub ki, qadın hər gün paltarlarını yataq otağında radiatorun üzərində qurudur.
Həkim otağın havasından nümunə götürərək analiz edib və mikroskop altında Aspergillus göbələyinin sporlarını aşkar edib. Onların konsentrasiyası normadan 50 dəfə yüksək olub.
Məlumata görə, bir dəfə yuyulan paltarın quruması zamanı havaya təxminən 2 litr su buxarı ayrılır. Pəncərələr bağlı olduqda rütubət 70–80 faizə çatır və bu şəraitdə kif göbələkləri sürətlə çoxalır. İnsan bu sporları nəfəs aldıqda onlar ağciyərlərə daxil olur, immun sistemi onlara reaksiya verir, nəticədə iltihab yaranır və bu, astmanın inkişafına səbəb ola bilər.
300 astma xəstəsinin iştirak etdiyi araşdırmada onların 180-nin (60 faiz) evdə paltarı yataq otağında qurutduğu müəyyən edilib. Sağlam insanlardan ibarət nəzarət qrupunda isə bu göstərici cəmi 13 faiz olub. Həkim pasiyentə yataq otağında paltar qurutmağı qadağan edib. Bildirilir ki, üç ay sonra astma əlamətləri aradan qalxıb və inhalyatora ehtiyac qalmayıb.

 

Subcategories