Uşaqlarda diqqət pozuntusu riskini süni intellekt aşkarlayacaq


Süni intellektə əsaslanan yeni alət uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunu (DÇHS) rəsmi diaqnozdan əvvəl proqnozlaşdırmağa imkan verir. ABŞ-da aparılan araşdırmaya görə, sistem uşaqların elektron tibbi qeydlərini analiz edərək erkən mərhələdə risk əlamətlərini müəyyənləşdirir.
Tədqiqatçılar 140 mindən çox uşağın məlumatlarını təhlil edərək, modelə doğumdan erkən uşaqlıq dövrünə qədər olan göstəriciləri “öyrədib”. Nəticədə süni intellekt davranış, inkişaf və klinik faktorların kombinasiyasını tanıyaraq gələcəkdə diqqət çatışmazlığı və hiperaktivlik sindromunu diaqnozu qoyula biləcək uşaqları yüksək dəqiqliklə müəyyən edib.
Mütəxəssislər bildirib ki, erkən aşkarlama uşaqların vaxtında dəstək almasına, təhsil və sosial nəticələrin yaxşılaşmasına şərait yaradır. Bununla belə, alimlər vurğulayıb ki, bu texnologiya həkimləri əvəz etmir, yalnız onların işini asanlaşdıraraq risk qrupunda olan uşaqları daha tez müəyyən etməyə kömək edir.

 

Laboratoriyada insan böyrəyi yaradıldı - 60 saat fasiləsiz işləyir

Çinli alimlər laboratoriya şəraitində tam funksional insan böyrəyi hazırladıqlarını açıqlayıb. Kök hüceyrələrdən əldə edilən orqanoidlər və xüsusi hidrogel strukturlar əsasında yaradılan bu böyrək tibb sahəsində böyük maraq doğurub.
Aparılan testlər göstərib ki, süni böyrək qanın süzülməsi, elektrolit balansının tənzimlənməsi, sidik istehsalı və hormonlara cavab vermə kimi əsas funksiyaları yerinə yetirir. Mütəxəssislərin sözlərinə görə, bu göstəricilər onun təbii orqana çox yaxın işlədiyini göstərir. Bundan əlavə, laboratoriya sınaqları zamanı orqan 60 saat ərzində fasiləsiz və stabil şəkildə fəaliyyət göstərib.
Ekspertlər bildirir ki, bu yenilik gələcəkdə orqan transplantasiyası sahəsində ciddi dönüş yarada və donor çatışmazlığı probleminin həllinə kömək edə bilər.

Çox sevirsinizsə ayrılmayın - Qırıq ürək sindromu

ALİMDƏN XƏBƏRDARLIQ


Türkiyəli alim, Oytun Erbaş yarım qalan sevginin insan sağlamlığına təsiri ilə bağlı maraqlı açıqlamalar verib. O, bildirib ki, güclü emosional bağlılıq zamanı baş verən ayrılıq ciddi stress yaradır və bu, ürək fəaliyyətinə mənfi təsir göstərir. Professorun sözlərinə görə, “takotsubo sindromu” kimi tanınan vəziyyət – yəni “qırıq ürək sindromu” – nəticəsində ürək böyüyə və hətta ürək çatışmazlığı yarana bilər.
Erbaş qeyd edib ki, ayrılıq zamanı yaranan narahatlıq, davamlı düşüncə və anksiyete ürək döyüntüsünü sürətləndirir. Uzun müddət yüksək nəbz isə ürək üçün risklidir. Alim bu vəziyyəti “asılılıqdan çıxma sindromu” ilə müqayisə edərək vurğulayıb ki, insan sevdiyi şəxsdən uzaqlaşdıqda oxşar psixoloji və fiziki gərginlik yaşayır.
Mütəxəssis xüsusilə güclü sevgi dövründə ani ayrılıqlardan çəkinməyi tövsiyə edib. Onun fikrincə, emosional sabitlik qorunmadıqda bu cür hallar sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.

Qocalmanı dayandırmaq mümkün olacaq

ALİMLƏR YENİ PREPARAT ÜZƏRİNDƏ İŞLƏYİR


Rusiyada alimlər qocalmanı ləngitmək məqsədilə yeni gen terapiyası preparatı üzərində çalışır. Layihə çərçivəsində hüceyrələrin qocalma prosesini başladan “RAGE” geninin bloklanması hədəflənir. Mütəxəssislərin fikrincə, bu genin aktivliyi hüceyrə səviyyəsində yaşlanmanı sürətləndirir, onun bloklanması isə əksinə, hüceyrələrin “gəncliyini” daha uzun müddət qorumağa kömək edir.
Məlumata görə, preparatın hazırlanması müasir genetik texnologiyalara əsaslanır və bu qocalma ilə mübarizədə ən perspektivli yanaşmalardan biri hesab olunur. Tədqiqatlar ölkədə həyata keçirilən “Sağlamlığın qorunması üçün yeni texnologiyalar” milli layihəsi çərçivəsində aparılır.
Alimlər hesab edir ki, belə innovativ yanaşma gələcəkdə yaşla bağlı xəstəliklərin profilaktikasında və insanların ömrün artırılmasında mühüm rol oynayır. Bununla yanaşı, layihə hələ inkişaf mərhələsindədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ olub



Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

Xəstə Mübariz Əliyev hadisə yerində ölüb.

Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin həkim ağır xəsarət alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Hadisə şöbənin birinci mərtəbəsində baş verib.
Hüquq-mühafizə orqanları ataşdırma başlayıb.

Aspirin xərçəng riskini azaldır

ALİMLƏR TƏSİR MEXANİZMİNİ AÇIQLAYIR


Ağrıkəsici kimi tanınan aspirinlə bağlı yeni araşdırmalar onun bəzi xərçəng növlərinin yaranma və yayılma riskini azaltdığını göstərir. Xüsusilə genetik olaraq yüksək risk qrupuna daxil olan şəxslərdə – məsələn, Linç sindromu daşıyıcılarında – aparılan uzunmüddətli tədqiqatlarda preparatın müntəzəm qəbulu bağırsaq xərçəngi riskini təxminən 50 faiz azaldıb.
Alimlər müəyyən ediblər ki, aspirin qan laxtalanmasını azaldaraq və iltihabi prosesləri zəiflədərək şiş hüceyrələrinin yayılmasının qarşısını da alır. Eyni zamanda, dərman immun sisteminin xərçəng hüceyrələrini tanımasını asanlaşdıran mexanizmlərə təsir göstərir.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edir ki, aspirin hər kəs üçün uyğun deyil.
SİNXRON – OP. DR. CƏMİL ƏLƏKBƏROV - TORAKAL - CƏRRAH
Dərmanın uzunmüddətli istifadəsi daxili qanaxma və mədə problemləri kimi yan təsirlər yarada bilər. Buna görə də onun profilaktik məqsədlə qəbulu yalnız həkim məsləhəti ilə aparılmalıdır, deyə cərrah vurğulayıb.

Mənbə: BBC

Nadir xəstəliklər və gen terapiyası - Dünyada ilk dəfə

TİBBDƏ İNQİLABİ YENİLİKLƏR PROTOKOLLARI GERİDƏ QOYUR

Son aylarda tibb sahəsində baş verən yeniliklər müalicə və diaqnostika yanaşmalarında mühüm dönüş yaradıb. İlk dəfə olaraq nadir immunçatışmazlıqlar üçün gen terapiyası rəsmi təsdiq alıb. Bu metod xəstəliyin səbəbini gen səviyyəsində aradan qaldırmağa imkan verir və uzunmüddətli nəticələr vəd edir.
Eyni zamanda ürək ritm pozuntularının real vaxt rejimində izlənməsi üçün yeni görüntüləmə texnologiyaları tətbiq olunur. Bu üsullar aritmiyaların dəqiq yerini müəyyənləşdirərək daha hədəfli və effektiv müdaxiləyə şərait yaradır.
Mütəxəssislər qeyd edir ki, bu qədər sürətli inkişaf tibbi protokolların yenilənməsini çətinləşdirir. Lakin innovasiyalar fərdiləşdirilmiş müalicənin yaxın gələcəkdə daha geniş yayılacağını göstərir.
Mənbə: Nature Medicine, The Lancet, 2026

İş stresindən minlərlə adam vaxtından tez ölür

UZUN İŞ SAATLARI VƏ TƏZYİQ MİLYARDLARLA ZƏRƏR VURUR


Beynəlxalq Əmək Təşkilatının və BMT-nin yeni hesabatına görə, uzun iş saatları, iş yerində qeyri-sabitlik, təzyiq və psixoloji zorakılıq əsas risk faktorları kimi göstərilir.
Məlumata əsasən, bu risklər daha çox ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə depressiya və təşviş pozuntuları hər il təxminən 12 milyard iş gününün itirilməsinə səbəb olur.
Araşdırmada qeyd olunur ki, işlə bağlı stress və qeyri-sağlam mühit dünya üzrə hər il 45 milyon il sağlam həyat itkisi yaradır və qlobal ÜDM-in təxminən 1,37 faizi bu səbəbdən itirilir. Avropada isə bu göstərici 1,43 faiz təşkil edir.
Ekspertlər bildirir ki, həftədə 55 saatdan çox işləmək insult riskini 35 faiz, ürəyin işemik xəstəliklərindən ölüm riskini isə 17 faiz artırır. Qlobal miqyasda isə işçilərin 35 faizi həftədə 48 saatdan artıq çalışır.
Hesabatda həmçinin qeyd edilir ki, iş yerində zorakılıq və təqib halları geniş yayılıb. Dünyada çalışan insanların 23 faizi həyatında ən azı bir dəfə belə hallarla qarşılaşıb.

Mənbə: Beynəlxalq Əmək Təşkilatı, 2026

Yeni xərçəng əleyhinə dərman - Qazaxıstan istehsal edəcək

DVC PREPARATI KLİNİK MƏRHƏLƏYƏ ÇATIB

Qazaxıstanda yerli istehsal olan DVC adlı xərçəng əleyhinə preparatın klinik sınaqları davam edir. Bu barədə ölkənin elm və ali təhsil naziri Səyasət Nurbek hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, dərman artıq insanlar üzərində sınaq mərhələsinə keçib və hazırda Astana Onkoloji Mərkəzində, eləcə də regionlardakı ixtisaslaşmış klinikalarda test edilir.
Nazir bildirib ki, preparatın qeydiyyatı üçün yalnız milli deyil, beynəlxalq standartların tələbləri də yerinə yetirilməlidir. Bu səbəbdən əlavə klinik sınaqlara ehtiyac yaranıb. Planlara əsasən, tədqiqatlar 2026-cı ilin sonuna qədər tamamlanacaq və dərman ilkin olaraq ölkə daxilində qeydiyyatdan keçiriləcək.
Qeyd edək ki, preparatın hazırlanması 2024-cü ildən davam edir. İlkin məlumatlara görə, dərman şiş və metastazlara birbaşa təsir göstərir və xəstələr tərəfindən ümumilikdə yan təsirsiz qəbul olunur.
Mənbə: Tengrinews.kz

Ən təhlükəli xəstəliklər - Qrip birinci yerdədir

XRONİKİ XƏSTƏLİKLƏR ÖLÜM RİSKİNİ ARTIRIR


Yaxın beş il üçün ən yüksək ölüm göstəricisinə səbəb olacaq xəstəliklər açıqlanıb. Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib ki, əsas risk qruplarına ürək-damar, onkoloji və endokrin xəstəliklər daxildir. Onun sözlərinə görə, bu üç istiqamət uzun illərdir ölüm statistikasında lider mövqeyini qoruyur.
Mütəxəssis qeyd edib ki, infeksion xəstəliklər arasında isə qrip ön sırada qalır. Xüsusilə A və B ştammlarının davamlı dəyişməsi virusun təhlükəsini artırır. Qrip infeksiyası xroniki xəstəlikləri, xüsusilə ürək-damar problemlərini kəskinləşdirərək ağırlaşmalara səbəb ola bilər.
Onişenkonun sözlərinə görə, son 20 ildə yüksək ölüm riski yaradan xəstəliklərin siyahısı demək olar dəyişməyib. COVID-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlər qripin yayılmasını qismən azaltsa da, bu virus hələ də ciddi təhlükə olaraq qalır.
Ekspert əlavə edib ki, yeni infeksiyalar arasında meymunçiçəyi də insan populyasiyasında yayılmaqdadır. Bununla yanaşı, xolera pandemiyasının hələ də tam başa çatmadığı vurğulanır.
Mənbə: TASS

"Xanımlar narkotiklə müalicə olunur" - Qərdə qalmaqal

AMERİKALI REJİSSORUN “WEED” SƏNƏDLİ FILMİ


Son illərdə qadınlar arasında tibbi məqsədlə marixuana istifadəsinin artması diqqət çəkib.

Yeni “Weed” sənədli filmində qeyd olunur ki, ənənəvi tibbi müalicə üsullarından nəticə ala bilməyən bir çox qadın çıxış yolunu məhz marixuanada görür.

Xərçəng müalicəsinin yan təsirləri, endometrioz, menopauza və xroniki ağrılar kimi problemlərlə üzləşən qadınlar bu vasitənin simptomları yüngülləşdirdiyini bildirib.
Mütəxəssislər hesab edir ki, bu tendensiya qadın sağlamlığı problemlərinin uzun illər yetərincə araşdırılmaması ilə bağlıdır.

Klinik tədqiqatlarda qadınların az təmsil olunması müalicə boşluqları yaradıb.

Bu səbəbdən bir çoxu alternativ yollar axtarmağa başlayıb.
Araşdırmalar göstərir ki, xüsusilə orta və yaşlı qadınlar arasında marixuana istifadəsi artır.

Bununla yanaşı, alimlər onun tibbi potensialını araşdırmağa davam edir.

Bununla belə, ekspertlər marixuananın universal müalicə olmadığını, istifadənin həkim nəzarəti ilə aparılmasının vacibliyini vurğulayır.

 

Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm

MÜTƏXƏSSİSLƏR “XALQ RESEPTİ”NƏ QARŞI EHTİYATLI OLMAĞI TÖVSİYƏ EDİR


SARIMSAQ VƏ YOD QARIŞIĞI İDDİALARI ELMİ TƏSDİQ TAPMIR
Son günlər sosial şəbəkələrdə “sarımsaq və yod qarışığı”nın oynaq ağrılarına qarşı təsirli vasitə olduğu iddiaları geniş yayılıb.

Paylaşımlarda bildirilir ki, üç diş sarımsaq üzərinə yod əlavə edilərək iki həftə qaranlıq mühitdə saxlanılır və alınan məhlul oynaqlara tətbiq edildikdə ağrıları azaldır.

Bəzi istifadəçilər bu üsulu “nənələrin resepti” kimi təqdim edərək xüsusilə diz ağrılarında sürətli nəticə verdiyini iddia edir.
Lakin mütəxəssislər qeyd edir ki, bu cür qarışıqların effektivliyini təsdiqləyən elmi sübutl mövcud deyil.

Dermatoloqlar və revmatoloqlar xəbərdarlıq edir ki, yodun dəriyə nəzarətsiz tətbiqi qıcıqlanma, yanıq və allergik reaksiyalar yarada bilər.

Eyni zamanda, oynaq ağrılarının səbəbləri müxtəlif olduğundan, standart və təsdiqlənmiş tibbi müalicə üsulları daha etibarlı hesab olunur.
Mütəxəssislər vurğulayır ki, sosial şəbəkələrdə yayılan bu tip “möcüzəvi reseptlər”ə tənqidi yanaşmaq və özbaşına müalicədən çəkinmək vacibdir.

Oynaq ağrısı hallarında ilkin diaqnostika və uyğun müalicə üçün həkimə müraciət edilməsi tövsiyə olunur.
Mənbə: Medical News Today

Yeni cihaz xatirələrimizi toplayacaq

UNUTMAQ TARİXƏ QOVUŞUR


“Looki” adlı yeni nəsil geyilə bilən texnologiya istifadəçilərə gündəlik həyatın anlarını əlavə səy göstərmədən yadda saxlamağa imkan verir. Bu cihaz adi diktofon və ya kamera deyil. O, istifadəçi ilə 24/7 “yaşayan” süni intellekt assistentidir. Gün ərzində baş verən hadisələri avtomatik qeydə alan ooki, istifadəçinin diqqətindən qaçan detalları belə yadda saxlayır və lazım olduqda geri qaytarır.
Texnologiya xüsusilə “sıfır montaj” prinsipi ilə seçilir. Çəkilən görüntülər əsasında süni intellekt avtomatik olaraq vloginq formatında videolar hazırlayır. Bu isə istifadəçilərə əlavə vaxt sərf etmədən gündəlik həyatlarını paylaşmaq imkanı yaradır.
Bundan əlavə, Looki yaddaş köməkçisi kimi də təqdim edilir. İstifadəçi itirdiyi əşyaları tapmaq və ya gün ərzində baş verən hadisələri xatırlamaq üçün cihaza sorğu verə bilər. Bu xüsusiyyət onu “xarici yaddaş” kimi təqdim edir.

 

Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır?

ENDOKRİNOLOQ MİFLƏR HAQQINDA DANIŞIB

Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır? Bu haqda Rusiyalı həkim-endokrinoloq Maksim Kuznetsov danışıb.
Onun sözlərinə görə, isti suya limon əlavə etmək maddələr mübadiləsini sürətləndirmir və susuzluğu da aradan qaldırmır. Bu sadəcə isti su və limondur. Soyuq içkilər angina yaratmır — anginanın səbəbi bakteriya və viruslardır. Hətta soyuq su bəzən angina zamanı ağrını azaltmaq üçün istifadə olunur. İçdiyiniz bütün su qısa zamanda qana sorulur. Özünüzü məcbur edib konkret miqdarda su içməyə ehtiyac yoxdur. Susadınızsa, için, susamadınızsa, içməyin. Çay, qəhvə, şorba və digər qidalardakı maye də su balansına daxildir.
Bundan əlavə, sızanaqların südlə birbaşa əlaqəsi yoxdur — bu ayrıca dəri xəstəliyidir. Əgər laktoza dözümsüzlüyünüz yoxdursa, süddən imtina etməyə ehtiyac yoxdur. Süd sizi kökəltmir, kökəlmə yalnız artıq kalori ilə bağlıdır. Bitki mənşəli süd çox vaxt adi süddən daha kalorili olur.
Həmçinin, endokrinoloq bildirib ki qəhvə qaraciyər xərçəngi, Alzheimer və şəkərli diabet riskini azaldır. O, nə bədəndən kalsiumu “çıxarır”, nə də orqanizmi susuzlaşdırır — bunun elmi sübutu yoxdur. Ümumilikdə, qəhvədən asılılıq barədə dəqiq bioloji sübut da yoxdur, deyə həkim bldirib.

 

Bakıda XXI əsrin Genomik Tibbinə hərs edilmiş konfrans keçirilib

“REPRODUKTİV SAĞLAMLIQDAN NEYROGENETİKAYA”

Qadın və reproduktiv sağlamlıq sahəsində müasir yanaşmaların müzakirəsi, genomik tibbin imkanlarının genişləndirilməsi və innovativ elmi nəticələrin praktikaya tətbiqi məqsədilə “XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir çərçivəsində genomika sahəsində son nailiyyətlər, reproduktiv tibbdə genetik faktorların rolu, prenatal diaqnostika, neyrogenetika və fərdiləşdirilmiş müalicə yanaşmaları üzrə aktual mövzular yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirə olunacaqdır. Konfrans, həmçinin tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platforma rolunu oynayacaqdır.

T.F.D., uzman cərrah-onkoloq Dr. Ceyhun İsayev konfransda məruzəçi qismində çıxış edib.

VİDEO - “REPRODUKTİV SAĞLAMLIQDAN NEYROGENETİKAYA”

 Bu elmi tədbir həkimlərin bilik və bacarıqlarının inkişafına, müasir tibbi texnologiyaların tətbiqinə və nəticə etibarilə pasiyentlərə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

 

Dikdaban geyinənlərə xəbərdarlıq

PROFESSOR AÇIQLAYIR


Günboyu dikdaban geyən xanımların ayaqlarında ağırlıq, şişkinlik və yorğunluq yaranır.

Bir müddət sonra, bu problemlər əməliyyata səbəb olan xəstəliklər yaradır. Mövzu ilə bağlı PROFESSOR, CƏRRAH-FLEBOLOQ DR. VÜQAR FƏTTAH-PUR STV Xəbərə danışıb.

Professor bildirib ki, dikdaban ayaqqabılar geyməyii tövsiyə etmir. Çünki daimi hündür dabanlı ayaqqabı geyinən pasiyentlərdə damar genişliyi müşahidə edilir. 
Fəttah-Pur 3 santimetrdən yüksək olan dikdabanların sağlamlığa ziyan olduğunu bildirib. 

VİDEO - PROF. Vüqar Fəttahpur


Mütəxəssis vurğulayıb ki, geyimdə əsas meyar estetikadan əvvəl rahatlıq olmalıdır; uzun müddət dikdaban ayaqqabı geyinmək damar və oynaq problemlərini artırır.

İnsan dəbli yox, sağlam olmalıdır, deyə həkim fikrini tamamlayıb.

Dondurma ürəyə xeyirdir

ALİMLƏRDƏN YENİ İDDİA


Dondurma və digər yağlı süd məhsullarının sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Mütəxəssislərin sözlərinə görə, bəzi tədqiqatlar göstərib ki, tam yağlı süd məhsulları, o cümlədən nadir hallarda istehlak edilən dondurma, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski ilə gözlənildiyindən daha az əlaqəlidir.
Alimlər hesab edirlər ki, bu təsir məhsulların tərkibində olan təbii yağlar, kalsium və bioaktiv maddələrlə bağlıdır. Bu komponentlər bəzi hallarda xolesterin səviyyəsinin daha balanslı qalmasına və orqanizmin insulinə reaksiyasının yaxşılaşmasına kömək edir.
Lakin bu o demək deyil ki, çox sayda dondurma yemək təhlükəsizdir.
Əsas məsələ balanslı qidalanma və ölçülü istehlakdır. Dondurma kimi şirniyyatlar yalnız nadir hallarda və sağlam rasionun bir hissəsi kimi qəbul edilməlidir.
Həkimlər qeyd edib ki, sağlam həyat tərzi sərt qadağalar üzərində deyil, düzgün seçimlər və davamlı balans üzərində qurulmalıdır.

Mənbələr: National Library of Medicine, Harvard Health Publishing, The Nutrition Source

 

5 saat sonra dirilən xəstə

HƏKİMLƏR XƏSTƏNİ XİLAS ETDİ


Yakutiyanın Mirnıy şəhərində həkimlər klinik ölüm vəziyyətində olan pasiyenti uzunmüddətli reanimasiya tədbirləri nəticəsində həyata qaytarıb. Hadisə güclü soyuqlar zamanı baş verib.
Məlumata görə, yerli sakin gecə saatlarında evə qayıdarkən halsızlaşıb və skamyada yuxuya gedib. Bir müddət sonra onun vəziyyətini görənlər təcili tibbi yardım çağırıb. Hadisə yerinə çatan həkimlər pasiyentdə klinik ölümün baş verdiyini müəyyən edib. Reanimasiya briqadası dərhal müdaxiləyə başlayıb. Həkimlərin tətbiq etdiyi xüsusi hipotermiya və “tədricən isinmə” metodu sayəsində pasiyentin bədən temperaturu mərhələli şəkildə yüksəldilib. Bir neçə saatlıq intensiv reanimasiya tədbirlərindən sonra ürəkdə yenidən elektrik aktivliyi müşahidə olunub və ürək ritmi bərpa edilib. Daha sonra defibrilyasiya və əlavə müdaxilələrlə ürək fəaliyyəti tam bərpa olunub.
Həkimlərin sözlərinə görə, pasiyent təxminən 5 saat klinik ölüm vəziyyətində qalıb. Buna baxmayaraq, uğurlu reanimasiya nəticəsində o, bir gün sonra süni komadan çıxarılıb və həyati funksiyaları bərpa olunub.

Mənbə: rg.ru

Rəqs depressiyanı azaldır

YENİ ARAŞDIRMA


Son araşdırmalar rəqsin psixoloji sağlamlığa müsbət təsirini bir daha təsdiqləyir. 2024-cü ildə nüfuzlu “British Medical Journal”da dərc olunan geniş meta-analiz göstərib ki, fiziki aktivlik, xüsusilə rəqs, depressiya simptomlarının azalmasına kömək edir.
Mütəxəssislər bildirib ki, rəqsin təsiri onun çoxşaxəli olmasından qaynaqlanır. Bu fəaliyyət həm fiziki hərəkəti, həm diqqəti, koordinasiyanı, ritmi və emosiyaları birləşdirir. Eyni zamanda sosial ünsiyyət imkanı yaradır ki, bu da insanın özünü təcrid olunmuş hiss etməsinin qarşısını alır.
Bununla belə, həkimlər vurğulayıb ki, rəqs dərman müalicəsinin alternativi kimi qəbul edilməməlidir. Araşdırmalar fiziki aktivliyin ümumilikdə faydalı olduğunu göstərsə də, hər bir pasiyent üçün yanaşma fərdi olmalıdır. Antidepressantlar, psixoterapiya və fiziki aktivlik bir-birini tamamlayan vasitələrdir.

 

Z nəslinin süni intellektə inamı azalır

YENİ ARAŞDIRMA ŞOK NƏTİCƏLƏRİ AÇIQLADI


ABŞ-da fəaliyyət göstərən Gallup şirkətinin apardığı son sorğu gənclərin süni intellektə münasibətində nəzərəçarpacaq dəyişiklik olduğunu göstərir. Business Insider nəşrinin yaydığı məlumata görə, 14–29 yaş arası təxminən 1600 nəfərin iştirak etdiyi tədqiqatda texnologiyaya olan müsbət münasibətin azaldığı müəyyən edilib.
Araşdırmaya əsasən, süni intellektə qarşı yüksək həvəs göstərənlərin payı son bir ildə 36 faizdən 22 faizə enib. Ümid hissi ifadə edənlərin göstəricisi isə 18 faizə qədər azalıb. Eyni zamanda, mənfi reaksiyalar artıb: respondentlərin 31 faizi texnologiyaya qarşı qıcıq hiss etdiyini bildirib, narahatlıq səviyyəsi isə təxminən 40 faiz olaraq qalır.
Bununla belə, sorğu iştirakçılarının yarısı bu alətlərdən həftədə ən azı bir dəfə istifadə etdiyini qeyd edib.
Mütəxəssislər hesab edir ki, bu tendensiya texnologiyaya münasibətdə daha realist və ehtiyatlı yanaşmanın formalaşdığını göstərir.
Mənbə: Business Insider

Barmaq kəsiklərini evdə müalicə etmək təhlükəlidir - VİDEO

TRAVMATOLOQ XƏBƏRDARLIQ EDİR


Mətbəxdə və ya gündəlik həyatda baş verən barmaq kəsikləri çox vaxt yüngül görünsə də, bəzi hallarda ciddi fəsadlara səbəb olur.

Kiçik yaralarda sadə müdaxilə daha dərin sinir və vətərlərin zədələnməsi ilə nəticələnə bilər.

Hansı hallarda yaraya sadəcə yapışqan tətbiq etmək olar, hansı vəziyyətlərdə isə mütləq həkimə müraciət edilməlidir.

Bu haqda TRAVMATOLOQ DR. İLQAR AĞABƏYOV STV Xəbərə danışıb.  VİDEO

Sonda Dr. İlqar Ağabəyov vurğulayıb ki, barmaq kəsiklərini kiçik hesab edib laqeyd yanaşmaq düzgün deyil. Erkən müdaxilə mümkün fəsadların qarşısını almaqda əsas rol oynayır, deyə həkim bildirib.

Qaçmaq - səhər yoxsa axşam?

MÜTƏXƏSSİSLƏR AÇIQLAYIR


Qaçmaq üçün ən uyğun vaxtın hansı olduğu ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər bildirib ki, fiziki aktivlik günün istənilən saatında faydalıdır, lakin səhər və axşam məşqləri arasında müəyyən fərqlər mövcuddur.
Həkimlərin sözlərinə görə, səhər qaçmaq daha faydalıdır. Bu zaman maddələr mübadiləsi aktivləşir, orqanizm gün ərzində daha çox kalori yandırmağa başlayır və enerji səviyyəsi yüksəlir. Bundan əlavə, səhər məşqləri ürək-damar sistemini gücləndirir, stressi azaldır, beyin fəaliyyətini artırır və yuxu rejiminin normallaşmasına kömək edir.
Bununla yanaşı, axşam qaçmaq da effektiv sayılır. Gün ərzində isinmiş əzələlər sayəsində məşqlər daha rahat icra olunur. Lakin mütəxəssislər yüksək intensivlikli məşqləri axşam gec saatlara saxlamamağı tövsiyə edib. Yatmazdan ən azı 2–3 saat əvvəl daha yüngül fiziki aktivlik seçmək məsləhətdir.
Həkimlər vurğulayıb ki, əsas məsələ vaxtdan çox, müntəzəmlikdir. Orqanizmə uyğun rejim seçmək və sağlamlıq vəziyyətini nəzərə almaq ən doğru yanaşma hesab olunur.

Qan analizi ilə doğru antidepressant seçmək - Texnologiya

TİBB TARİXİNDƏ İLK DƏFƏ 


Depressiya müalicəsində yeni texnologiya alternativ yaradılır. “NeuroKaire” startapı innovativ qan testi hazırlayıb.
Yeni “BrightKaire” testi adi analiz kimi aparılır, lakin fərqi ondadır ki, götürülən qan nümunəsindən laboratoriyada pasiyentə məxsus neyron hüceyrələri yaradılır. Daha sonra bu hüceyrələrin müxtəlif antidepressantlara qarşı reaksiyası yoxlanılır. Əldə olunan məlumatlar süni intellekt vasitəsilə analiz edilir və həkimlərə pasiyent üçün daha uyğun dərman seçimləri təqdim olunur.
Mütəxəssislərin sözlərinə görə, bu üsul sayəsində xəstələrin aylarla, hətta illərlə davam edən uğursuz dərman dəyişikliklərindən qaçmaq mümkündür. Hazırda depressiya müalicəsində dərmanların təsirini əvvəlcədən proqnozlaşdırmaq çətin olduğundan, pasiyentlər effektiv nəticəni gec əldə edir.

ATU-NUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA KEÇİRİLƏN KONQRESDƏ I YERƏ LAYIQ GÖRÜLÜB

“ƏN YAXŞI POSTER ÇIXIŞI” NOMİNASİYASINDA


Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Onkoloqlarının II Konqresində Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının nümayəndə heyəti müvəfəqiyyətlə iştirak edib.
Tədbir çərçivəsində kafedranın dosenti Tamara Quliyeva, dosent Samirə Səfərova və baş laborant Sürəyya İmanova maraqlı məruzələr ilə çıxış ediblər. 700-ə yaxın iştirakçının qatıldığı konqresdə dosent S.Səfərova “Ən yaxşı poster çıxışı” nominasiyasında I yerə layiq görülüb.


S.Səfərova həmçinin Özbəkistanın Səhiyyə naziri Asılbek Xudayarov tərəfindən diplom və xüsusi mükafatla təltif olunub.

Dosent Samirə Səfərova STV-yə konqress haqqında təəssuratları haqqında danışarkən bildirib ki,
Türk Dövlətləri Onkoloqlarının II Beynəlxalq Konqresi (8–11 aprel, Səmərqənd) çərçivəsində elmi proqramda iştirak etmək onun üçün böyük peşəkar əhəmiyyət kəsb edib.
“Konqres zamanı təqdim etdiyim məruzə, moderator qismində apardığım elmi sessiyalar və tədqiqat işimin I yer mükafatına layiq görülməsi Onkologiya elminin aktual istiqamətləri üzrə aparılan işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bu mükafatı Özbəkistan Respublikası Səhiyyə Naziri cənab Asilbek Anvarovich Xudayarov dan almaq isə xüsusi ilə qürurvericidir”, deyə həkm bildirib. .
Bu nəailiyyəti qürurla təmsil etdiyim Azərbaycan Tibb Universiteti Onkologiya kafedrası və Klinikasının multidissiplinar yanaşma, klinik təcrübə ilə elmi tədqiqatların inteqrasiyası və həmkarlarla səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirirəm. Klinika rəhbərliyinə başda Akademik Əhliman Əmiraslanov, Tamara Quliyeva olmaqla bu şəraiti yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm! – deyə, dosent Samirə Səfərova fikrini tamamlayıb.

 

 

Yatanda ayağınızı örtməyin - həkim məsləhəti

MARAQLI FAKT


Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. Mütəxəssislər bildirib ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır.
Həkimlərin sözlərinə görə, ayaqlar bədənin temperaturunun tənzimlənməsində mühüm rol oynayır. Yuxuya getməzdən əvvəl insanın bədən temperaturu təbii olaraq 1–2 dərəcə azalır. Bu proses baş vermədikdə isə yuxuya getmək çətinləşir və yuxusuzluq yaranır.
Mütəxəssislər izah edib ki, ayaqaltında yerləşən xüsusi damarlar istiliyin ötürülməsini sürətləndirir. Ayaqlar yorğanın altından çıxarıldıqda qan səthə yaxınlaşır və daha tez soyuyur. Bu da ümumi bədən temperaturunun aşağı düşməsinə və daha rahat yuxuya getməyə kömək edir.
Eyni zamanda qeyd olunub ki, həddindən artıq isti yorğan istifadə etmək orqanizmin soyuma prosesini pozur. Bu səbəbdən, ayaqları yorğanın altından çıxarmaq vərdişi sadəcə rahatlıq deyil, həm də sağlam və keyfiyyətli yuxu üçün orqanizmin təbii reaksiyasıdır.

Evdə gözə görünməyən təhlükə!

MİLYONLARLA MİKROPLASTİK HİSSƏCİK NƏFƏSİMİZDƏ

Ev şəraitində hava düşündüyümüzdən daha çirkli ola bilər. BBC-nin araşdırmasına görə, insanlar hər il yüz minlərlə, hətta milyonlarla mikroskopik plastik hissəcikləri nəfəs yolu ilə qəbul edir. Bu hissəciklərin əsas mənbəyi isə sintetik geyimlər, yumşaq mebel, xalçalar və məişət tekstilləridir.
Mütəxəssislər bildirir ki, paltarın yuyulması, qurudulması və hətta geyinilməsi zamanı havaya görünməz liflər yayılır. Bu liflər ev tozunda toplanır və hərəkət zamanı yenidən havaya qalxaraq tənəffüs yollarına daxil olur. Araşdırmalar göstərir ki, qapalı məkanlarda mikoplastik konsentrasiyası açıq havadan bir neçə dəfə yüksəkdir.
Alimlər hesab edir ki, mikoplastik orqanizmə yalnız qida və su ilə deyil, əsasən nəfəsalma yolu ilə daxil olur. Xırda hissəciklər ağciyərlərə çataraq iltihab, tənəffüs problemləri və digər sağlamlıq riskləri yarada bilər.
Riskləri azaltmaq üçün mütəxəssislər təbii materiallardan istifadəni artırmağı, evi mütəmadi havalandırmağı, HEPA filtrli tozsoranlardan istifadəni və nəm təmizlik aparmağı tövsiyə edir. Bununla belə, problemin tam həlli üçün qlobal plastik istehsalının azaldılması vacib hesab olunur.

Mənbə: BBC Future

99 yaşlı Əsədağa babanın hər iki gözü əməliyyat edilib - VİDEO

GÖRMƏYİ TAM BƏRPA EDİLİB


99 yaşlı pasiyentin hər iki gözündə katarakta əməliyyatı icra olunub. SAF Hospitalın cərrah-oftalmoloqu DR. Leyda Kazımova əməliyyatın təfərrüatları barədə STV-yə danışıb.
Həkim bildirib ki, yanaşı xəstəliklərin də olmağına baxmayaraq əməliyyat uğurlu keçib. 

 V İ  D E O

Hazırda 1928-ci təvəllüdlü Cərbrayılov Əsədağa Əsəd oğlunun görmə qabiliyyəti bərpa edilib və əməliyyatdan sonra səhhəti qənaətbəxşdir.
Xatırladaq ki, qocalıq kataraktası – göz büllurunun yaşla əlaqədar tədricən bulanıqlaşması ilə xarakterizə olunan xəstəlikdir.

Əsasən 50 yaşdan sonra meydana çıxır və səbəbi büllur zülallarının strukturunun dəyişməsi, oksidləşmə proseslərinin artması və maddələr mübadiləsinin zəifləməsidir. Nəticədə görmə bulanıqlaşır, rənglərin seçilməsi çətinləşir, işığa qarşı həssaslıq artır və gecə görməsi zəifləyir. İlkin mərhələdə eynək kömək etsə də, proses irəlilədikcə effektiv olmur.

Bu halda ən təsirli müalicə üsulu cərrahi əməliyyatdır.

Əməliyyat zamanı bulanıqlaşmış büllur çıxarılır və yerinə süni göz daxili linza yerləşdirilir, beləliklə görmə bərpa olunur.

 

Dünyaya qayıdan kosmonavtların səhhəti yoxlanılıb

SÜMÜK ƏRİMƏYİNDƏN GÖRMƏ POZUNTUSUNADƏK RİSKLƏR AÇIQLANIB

Kosmik uçuşların intensivləşməsi insan orqanizminə təsirlərlə bağlı yeni suallar doğurur. NASA bildirir ki, II Artemida kosmik gəmisinin missiyası zamanı ekipaj Ayın arxa tərəfinədək 406 min kilometrdən çox məsafə qət edib və bu, insanın kosmosda ən uzaq səfərlərindən biri sayılır.
Mütəxəssislərə görə, cazibə qüvvəsinin olmaması sümük sıxlığını ayda 1–1,5 faiz azaldır, ürək-damar sistemində dəyişikliklər yaradır. Uzunmüddətli uçuşlar qan laxtalanması, aritmiya və aşağı təzyiq riskini artırır. Eyni zamanda, bədəndə maye paylanmasının dəyişməsi görmə pozuntularına səbəb ola bilər.
Kosmosda gün-gecə ritmi də fərqlidir. International Space Station heyəti gündə 16 dəfə günəşin doğub-batmasını müşahidə edir ki, bu da yuxu rejimini pozur. Təcrid mühiti və stress isə psixoloji gərginlik yaradır.
Mənbə: Euronews

İmplant insan beynini idarə edəcək

TİBBDƏ YENİ MƏRHƏLƏ


Çində elmi fantastikanı reallığa çevirən mühüm tibbi yenilik baş verib. "Neuracle Medical Technology" şirkəti tərəfindən hazırlanmış invaziv beyin–kompüter interfeysi (BCI) rəsmi şəkildə təsdiqlənərək kommersiya və tibbi istifadəyə icazə alıb. Bu qərar ölkənin müvafiq tənzimləyici qurumu tərəfindən verilib və texnologiyanın geniş tətbiqinə yol açıb.
Yeni implant əsasən onurğa beyni zədəsi nəticəsində hərəkət qabiliyyətini itirmiş pasiyentlər üçün nəzərdə tutulub. Beyinə yerləşdirilən elektrodlar sinir siqnallarını birbaşa rəqəmsal əmrlərə çevirir. Bunun sayəsində istifadəçilər yalnız düşüncə gücü ilə kompüterləri, protezləri və digər cihazları idarə edir.
Mütəxəssislərin fikrincə, bu texnologiya yüksək siqnal dəqiqliyi və uzunmüddətli biouyğunluğu ilə seçilir. İnvaziv üsul sayəsində məlumat ötürülməsi daha sürətli və dəqiq həyata keçirilir. Bu da xəstələrin gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Karlıq tarixə qovuşdu

DÜNYADA İLK DƏFƏ 


Cənubi Afrikada tibb tarixində ilk dəfə orta qulaq sümüklərinin tam bərpası 3D çap texnologiyası vasitəsilə həyata keçirilib. Əməliyyat Pretoriyada yerləşən Hospital-da icra olunub və anadangəlmə orta qulaq inkişaf etməməsi olan pasiyentdə tətbiq edilib.
Cərrahlar orta qulağın 3 əsas sümüyü — çəkic, zindan və üzəngi sümüklərini tam şəkildə yenidən quraraq transplantasiya edib. Bu, eşitmə sisteminin ən incə və mürəkkəb strukturlarından biri hesab olunur. Prosedur Maşudu Tşifularo tərəfindən həyata keçirilib. Həkimin sözlərinə görə, əməliyyat zamanı biouyğun titan istifadə olunub və bu material orqanizm tərəfindən yaxşı qəbul edilir.
Əməliyyatın əsas üstünlüklərindən biri minimal invaziv yanaşmadır. Endoskopik üsul sayəsində daha az kəsik aparılır, sağalma müddəti qısalır və çapıq riski minimuma enir. Həkimlər bildirib ki, texnologiya həm uşaqlarda, həm də böyüklərdə tətbiq olunur.
Mütəxəssislərin fikrincə, bu yanaşma anadangəlmə qüsurlar, travmalar və infeksiyalar nəticəsində yaranan eşitmə problemlərinin müalicəsində inqilabi addımdır və gələcəkdə daha geniş istifadə oluna bilər.

Yeni koronavirus ştammı yayılır

23 ÖLKƏDƏ QEYDƏ ALINIB


COVID-19 virusunun yeni “Cicada” variantı yenidən yayılmağa başlayıb. Bu variant ilk dəfə 2024-cü ilin sonunda Afrikada aşkarlanıb və 2025-ci il ərzində bir çox ölkəyə yayılaraq 2026-cı ilin fevralına qədər ən azı 23 ölkədə qeydə alınıb. ABŞ-da da yayılma halları təsdiqlənib.
Mütəxəssislərə görə, “Cicada” variantı daha yoluxucu ola bilər, amma xəstəliyin daha ağır keçdiyinə dair sübut yoxdur və ölüm riskini artırdığı təsdiqlənməyib. Simptomlar əvvəlki variantlara bənzəyir: boğaz ağrısı, qızdırma, öskürək, baş və əzələ ağrıları, burun axması müşahidə olunur.
Ekspertlər insanlara gigiyenaya diqqət etməyi, maska istifadə etməyi və xəstə olduqda evdə qalmağı tövsiyə edib.

Kakao, göz və görmək qabiliyyəti...

YENİ ELMİ ARAŞDIRMA



Cənubi Koreyanın Songyunkvan Universitetinin alimləri kakao tozunun görmə qabiliyyətinin zəifləməsini ləngidə biləcəyini müəyyən edib. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub. Araşdırmaya görə, kakao gözlərdə patoloji damar artımını və torlu qişanın zədələnməsi ilə bağlı prosesləri zəiflədir.
Alimlər əvvəlcə kakaonun təsirini insanın qan damar hüceyrələri üzərində, daha sonra isə siçanlarda 2 fərqli göz xəstəliyi modeli üzərində sınaqdan keçirib. Nəticələr göstərib ki, kakao oksigen çatışmazlığı zamanı aktivləşən və yeni damarların yaranmasını stimullaşdıran zülalının aktivliyini azaldıb. Eyni zamanda, iltihab və toxuma dəyişiklikləri ilə əlaqəli digər molekulların səviyyəsi də aşağı düşüb.
Təcrübələrdə, kakaonun damar patologiyalarının yayılmasını azaltdığı, iltihab və fibroz göstəricilərini zəiflətdiyi müşahidə olunub. Bundan əlavə, torlu qişanın hüceyrə qatının qorunmasına kömək etdiyi qeyd edilib. Lakin tədqiqat hələ heyvanlar üzərində aparıldığından, bu təsirin insanlarda da eyni olub-olmayacağı dəqiq deyil. Alimlər bunun təsdiqi üçün əlavə klinik araşdırmaların vacib olduğunu bildirib.

Sinir bərpasında yeni texnologiya

TİKİŞSİZ ƏMƏLİYYAT


ABŞ-da cərrahiyyə sahəsində mühüm yenilik qeydə alınıb.

Qida və Dərman Administrasiyası (FDA) kəsilmiş sinirlərin bərpası üçün tikişsiz, işıqla aktivləşən polimer texnologiyasını təsdiqləyib.

MIT tədqiqatçıları tərəfindən hazırlanıb “Tissium” şirkəti tərəfindən inkişaf etdirilən bu sistem mikrocərrahiyyədə yeni mərhələ sayılır.
Yeni üsulda cərrahlar sinir uclarına xüsusi maye polimer tətbiq edir. Daha sonra işıq vasitəsilə maddə sürətlə bərkiyərək siniri əhatə edən elastik qoruyucu qat yaradır.

Bu təbəqə sinir toxumasının təbii şəkildə bərpasına imkan verir və sızmanın qarşısını alır.
Texnologiyanın əsas üstünlüyü istifadə olunan materialın bioloji sorulmasıdır.

Sağalma tamamlandıqdan sonra polimer orqanizmdə iz qoymadan yox olur, bu da iltihab və ağırlaşma riskini azaldır.
Mütəxəssislər hesab edir ki, bu yenilik gələcəkdə ürək-damar və digər cərrahi sahələrdə də tətbiq oluna bilər və regenerativ tibbdə böyük irəliləyişə səbəb olacaq.

Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq

ONKOLOJİ XƏSTƏLƏR ÜÇÜN VAKSİNLƏR PULSUZ OLACAQ
QƏRAR


Rusiyada onkoloji xəstəliklərin müalicəsində mühüm yenilik tətbiq olunub.

Hökumətin qərarına əsasən, fərdiləşdirilmiş onkovaksinlər icbari tibbi sığorta paketinə daxil edilib.

Bu barədə Baş nazir Mixail Mişustin bildirib. Onun sözlərinə görə, artıq xərçəng xəstələri yüksək texnologiyalı və fərdi yanaşmaya əsaslanan müalicə üsullarından pulsuz yararlana biləcək.
Yeni sistem çərçivəsində hər bir pasiyent üçün xüsusi hazırlanmış vaksinlər istifadə olunacaq.

Bu preparatlar şişin və orqanizmin genetik xüsusiyyətlərinə uyğun tərtib edilir və immun sistemi xərçəng hüceyrələrinə qarşı mübarizə üçün stimullaşdırır.
Ekspertlər qeyd edib ki, bu yanaşma ənənəvi müalicə üsullarından daha effektiv nəticələr verə bilər.

Eyni zamanda, bahalı sayılan bu texnologiyanın sığorta hesabına əlçatan olması minlərlə xəstə üçün böyük üstünlük yaradır.

Subcategories